Azərbaycana gələn turistlərin sayı ARTDI

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya ötən ilin yanvar ayı ilə müqayisədə 18,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, gələnlərin 30,0%-i Rusiya Federasiyası, 28,2%-i Gürcüstan, 10,6%-i Türkiyə, 5,8%-i İran, 3,2%-i Səudiyyə Ərəbistanı, 2,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Hindistan, hər birindən 1,8% olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4% olmaqla Qazaxıstan və Pakistan, 1,1%-i Türkmənistan, 0,9%-i İraq, hər birindən 0,8% olmaqla Böyük Britaniya və İsrail, 7,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 71,1%-ini kişilər, 28,9%-ini isə qadınlar təşkil edib.

Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2%), Küveyt (73,3%), Bəhreyn (69,8%), Malayziya (62,5%), Çin (54,0%), Macarıstan (42,9%), Belarus (29,5%), Moldova (28,6%), Yaponiya (26,6%), İran (26,4%), Cənubi Koreya (21,7%), Ukrayna (21,1%), Rusiya Federasiyası (20,4%), Qazaxıstan (19,6%) və Pakistan (15,3%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2% artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4% artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0% artaraq 5,9 min nəfər olub.

Qeyd edək ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1%-i dəmir yolu və avtomobil, 35,0%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.