!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 65 köhnə gəmi donanmadan çıxarılacaq

!Reklam – Yazi

Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi və 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20% azaltmaq və 30% üçün çalışmaq, 2040-cı ilədək 70% azaltmaq və 80% üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.

Yenicag.az bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə istinadən məlumat verir.

ASCO üzrə bu hədəfə çatmaq üçün Strategiya və Tədbirlər Planı hazırlanıb. Plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə ümumi dedveyti 26 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25% azalacağı gözlənilir.

Bundan başqa, ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir. Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır.

Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından ~20%-dək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların ~9%-dək azaldılması proqnozlaşdırılır.

2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib. Belə ki, qeyd edilən dövrdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin və 7 tankerin tikintisi, tam elektriklə işləyən 4 liman-yedək gəmisinin inşası və 8 gəminin metanol yanacağına keçid üçün retrofit olunması nəzərdə tutulur. Bu gəmilərdə mavi metanolun istifadəsi (ümumi donanmanın dedveytinin artması nəzərə alınaraq) ümumilikdə emissiyaların ~10%-dək azalmasına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, dizellə müqayisədə metanol CO2 emissiyalarını 7%-ə qədər, SOx emissiyalarını 99%-ə qədər və NOx emissiyalarını 60%-ə qədər azalda bilər.

Bütün donanmalarda alternativ yanacaqlardan istifadəyə keçid isə üçüncü mərhələdə, yəni 2030-2040-ci illərdə icra ediləcək. Bununla da, IMO-nun hədəfinə uyğun olaraq, 2008-ci illə müqayisədə emissiyaların 70-80%-dək azaldılmasına nail olunacaq.

Dördüncü mərhələ isə 2040-2050-ci illəri əhatə edir. Bu mərhələdə 0 emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır. Bu isə IMO-nun hədəfinə uyğun olaraq, emissiyaları 100% azaldaraq 0 emissiya həddinə çatmaq deməkdir.

Onu da qeyd edək ki, ASCO-nun dekorbanizasiya istiqamətində qısamüddətli tədbirlər planı da var. Bu plan çərçivəsində 2030-cu ilə qədər olan ilk 3 mərhələ həyata keçirilməlidir. Layihədə metanol gəmilərinə keçidin 2027-ci ildə nəzərdə tutulmasına baxmayaraq, bu prosesi daha da sürətləndirmək məqsədilə artıq metanol gəmilərinə keçid üçün maliyyə dəstəyi üzərində işlənilir.

COP29

www.yenicag.az

83
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv