Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dekabrın 6-da Azərbaycan ərazisində ağacəkmə aksiyası keçirilib.
Yenicag.az xəbər verir ki, Birinci viste-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.
Aksiya bu gün səhərdən başlayıb və ölkənin bütün ərazisində davam edir. Şamaxı Rayonuna səfər edən ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər.
Bu aksiya bir tərəfdən ölkədə yaşıllaşdırma hərəkatına dövlət rəhbərliyinin diqqət və dəstəyi, birbaşa iştirakı və təşviqi kimi qiymətləndirilir. İlk dəfə olaraq bu aksiya konkret olaraq bir bölgə və ya ərazidə deyil, bütün ölkə ərazisində keçirilir. Üstəlik daha əvvəl olduğu kimi sadəcə ağacların əkilməsi hadisəsi deyil, kompleks fəaliyyət olacaq. Yəni əkilən ağaclara qulluq, suvarılması da nəzərə alınıb və müvafiq sistemlər yaradılıb ki, bu da özlüyündə Azərbaycanda yenidir, hər kəsin sual verdiyi məsələyə, yəni ağacların sonrakı taleyinə də aydınlıq gətirir.
Xatırlatmaq lazımdır ki, son illərdə ağacəkmə, yaşıllğın artırılması bir sır dövlətlərdə xüsusi proqramlarla həyata keçirilir. Bu həm də planetin oksigen “anbarının” qorunması baxımdan humanist bir addımdır.
Digər tərəfdən, ölkə başçısının və xanımının ağacəkmə kampaniyasına qatılması bu prosesə dəstəklə yanaşı, son bir ildə intensivləşən xalqla təmas siyasətinin davamı olub. Ölkə başçısı və Birinci viste-prezident növbəti dəfə sadə insanlar, könüllülərlə görüşüb. Eyni zamanda Şamaxıya səfəri çərçivəsində Şahxəndan türbəsini ziyarət edib, türbənin təmiri işləri ilə maraqlanıb.