Azərbaycanda avtobusun partladılmasından 24 il ötür
Tarixdə bu gün fevralın 24-də Çar Balakən bölgəsindəki üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun hissələri əraziyə yeridilib, coğrafiyaşünas alim, akademik Budaq Budaqov anadan olub, Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər.
1830 – Çar Balakən bölgəsindəki üsyanı yatırmaq üçün Rusiya ordusunun Qafqaz korpusunun hissələri əraziyə yeridilib. General İvan Paskeviçin rəhbərlik etdiyi qoşunlar üsyanı yatırmağa müvəffəq olsa da, bir neçə aydan sonra bölgədə yeni üsyan başlanıb.
1864 – Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat» qəzetinin, daha sonra «Kaspi» qəzeti və «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri olub. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
1886 – Xalq qəhrəmanı Abbasqulu bəy Xanbala oğlu Şadlinski (1886- 1930) Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Vedibasar mahalının Vedi kəndində doğulub.
1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və s. ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (sovetləşmədən sonra “Qırmızı tabor” adlandırılıb) rəhbərlik edib. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
1921 – Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub.
1928 – Coğrafiyaşünas alim, akademik Budaq Budaqov anadan olub. Landşaftşünaslıq, toponimika və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.
1934 – Tanınmış rəssam Cəmil Mir Yusif oğlu Müfidzadənin doğum günüdür.
1991 – Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər. Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.
1992 – İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Qarabağ münaqişəsində ilk vasitəçilik təşəbbüsü ilə Bakıya səfərə gəlib.
1994 – Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulmuşdu.