“İstənilən Azərbaycan vətəndaşını dindirsəniz, AzTV-nin hansı səviyyədə olduğu haqda neqativ fikir bildirəcək”.
Bu fikirləri Yenicag.az-a açıqamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticələri əsasında Azərbaycan Dövlət Televiziyasına (AzTV) “ən baxımlı kanal” statusu verilməsini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev səsləndirib.
Partiya sədrinin sözlərinə görə, belə absurd və reaallığı əks etdirməyən “nəticələr” müstəqil sorğu mərkəzlərinin olmamasından qaynaqlanır:
“Bu Mərkəzin həyata keçirdiyi sorğuların nəticələri cəmiyyətdə ciddi şübhə ilə qarşılanır. Zahid Orucla şəxsi münasibətlərimiz olsa da, işin bu məsələyə heç bir aidiyyatı yoxdur.
Hesab edirəm ki, həmin tədqiqat mərkəzinin bu günə qədər keçirdiyi sorğular ədalətli və obyektiv olmayıb, ölkənin mövcud reallıqlarını əks etdirməyib.
AzTV-nin ölkədə hansı reputasiyaya malik olduğunu hər kəs bilir, status və “keyfiyyət”indən də hamı xəbərdardır. Çox təəssüf edirəm ki, Azərbaycanda müstəqil sorğu mərkəzləri mövcud deyil.
İstənilən Azərbaycan vətəndaşını dindirsəniz, AzTV-nin hansı səviyyədə olduğu haqda neqativ fikir bildirəcək. Bu kanalın işi hakimiyyətin siyasətini primitiv qaydada tərifləməkdən ibarətdir. Ona görə də Azərbaycanda AzTV qədər sevilməyən və bəyənilməyən ikinci bir kanal yoxdur”.
Aqil Bəkir
www.yenicag.az