!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda bu il 3 sektor nəticə əsaslı büdcəyə keçəcək" - Nazir

!Reklam – Yazi

Bu gün, fevralın 22-də Bakı Konqres Mərkəzində Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilir.

Yenicag.az xəbər verir ki, seminarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və tədqiqatçılar iştirak edir.

Seminarın əsas məqsədi OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid prosesi ilə bağlı görülmüş işlər, o cümlədən təhsil sektorunda bu sahədə görülmüş işlərin nəticələri barədə məlumat vermək, habelə islahat prosesində qarşıya çıxan çağırışları və növbəti addımları tərəf müqabillərinin iştirakı ilə müzakirə etməkdir.

Maliyyə naziri Samir Şərifov açılış nitqində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparıldığını qeyd edərək bu islahatların prioritet istiqamətlərindən birinin məhz Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid olduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına əsasən sözügedən islahatlar üzrə pilot sektorlar olaraq təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi müəyyən edilib və Maliyyə Nazirliyi tərəfindən ötən dövr ərzində bu istiqamətdə bir sıra mühüm addımlar atılaraq müəyyən hüquqi, institusional və metodoloji çərçivə artıq formalaşdırılıb.

Samir Şərifov həmçinin bildirib ki, həmin pilot sektorlar üzrə Fəaliyyət Planlarının 2021-ci il üzrə icrasının ilk monitorinqi həyata keçirilib və bu monitorinqin ilkin nəticələrinə və ümumilikdə islahat prosesinin gedişinə dair Maliyyə Nazirliyi tərəfindən silsilə seminarların keçirilməsi planlaşdırılır.

Elm və təhsil naziri Emin Əmrullayev isə ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən və gələcək hədəflərdən danışıb. O, nazirliyin orta müddətli xərclər çərçivəsinin pilot qaydada tətbiqi ilə bağlı təcrübəsi, o cümlədən nəticəəsaslı büdcə tərtibinin gətirdiyi yeni imkanlar və çağırışlar barədə məsələləri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Nazir son illərdə Azərbaycan Respublikası Prezidentinin təhsil sahəsində təsdiq etdiyi dövlət proqramlarının, imzaladığı fərman və sərəncamların, xüsusilə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin nəticəəsaslı idarəetməyə keçid üçün vacib əhəmiyyətini vurğulayıb.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və digər çıxış edənlər OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizmi, Azərbaycanda həyata keçirilən büdcə islahatları barədə öz fikirlərini bölüşüblər.

Açılış nitqlərindən sonra Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov “Təhsil sektorunda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə planlamasına keçid istiqamətində indiyədək görülmüş işlərə, islahat tarixçəsinə və islahatın əsas elementlərinə qısa nəzər salınıb, təhsil sektorunun nümunəsində pilot əsasda bu yeni büdcə mexanizminin tətbiqinin və aparılmış ilkin monitorinq nəticələri ilə bağlı seminar iştirakçılarına məlumat verilib, büdcə islahatının gedişində qarşıda duran əsas çağırışlar və növbəti addımlarla bağlı məqamlara toxunulub.

Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə “Təhsil islahatları və OMXÇ-nin tətbiqində əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Nazirliyin nəticəəsaslı idarəetmə mexanizmlərinə keçid təcrübəsi, bu sahədəki nailiyyətlər və tətbiq edilmiş ölçmə indikatorları, strategiya və OMXÇ sənədlərinin uyğunlaşdırılması ehtiyacları, bu bilik və bacarıqların artırılması istiqamətində növbəti illərdə görüləcək işlərlə bağlı məsələlər təqdimatda öz əksini tapıb.

Seminarda həmçinin Dünya Bankının dövlət idarəetməsi üzrə böyük mütəxəssisi, OMXÇ üzrə Potensialın Gücləndirilməsi layihəsinin tapşırıq qrupunun rəhbəri Andj Ubelis “Azərbaycanda OMXÇ islahatları Dünya Bankının perspektivindən” mövzusunda təqdimatla çıxış edib.

Seminarda qeyd olunub ki, cari ildən pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid prosesinin tamamlanması və proqram əsaslı büdcənin təkmilləşdirilərək tam olaraq tətbiqi, eyni zamanda islahat prosesinə digər sektorların da cəlb olunması nəzərdə tutulur. Bununla əlaqədar cari ildən başlayaraq yeni cəlb olunacaq sektorlarda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcəyə keçid işlərinə başlanılması planlaşdırılır.

Çıxışlardan və təqdimatlardan sonra seminar sual-cavab və mövzu ətrafında müzakirələrlə davam etdirilib.

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv