Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 5-də keçiriləcək.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, hərracda Şəmkirdə yerləşən Aşağı Zəyəmçay (2 ha), Qazaxda Dəmirçilər (1 ha), Balakəndə Katexçay (9 ha), Balakənçay II (10 ha) və Paşan (13 ha), Qəbələdə Xırxatala (2 ha), Zaqatalada Qaraçay I (30 ha) və Talaçay (8 ha), Şəkidə Qaşqaçay (2 ha), İsmayıllıda Təzəkənd (25 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq. Bununla yanaşı, Masallıda Güllütəpə I (7 ha), Göyçayda Qarabaqqal I (0,54 ha) və Ağcabədidə Muğanlı (1,40 ha) gil yatağı, həmçinin Abşeronda Qumyataq (5,6 ha) silikat qumu yatağı, Daşkəsəndə Yalqışlaq (2,1 ha) andezit yatağı, Şəmkirdə Şəmkir (6,56 ha) qranodiorit yatağı, Hacıqabulda Kürdçü (10 ha) və Atbulaq (5 ha), Xızıda Yeni Yaşma I (5,5 ha) qum yataqları da hərraca çıxarılır.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri 27 may 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/3A8vTU ) tanış olmaq olar.
www.yenicag.az