“Azərbaycanda fətullahçılar “vuruldu”” yalanının pərdəarxası və ya yerli “imamlar” kimlərdir? – ARAŞDIRMA
Türkiyədə uğursuz çevriliş cəhdindən sonra Gülən təhlükəsi yenidən diqqət mərkəzindədir.
Hələ 2007-ci ildə “Yeni Çağ” qəzetində yayımlanan məqalələrimin birində Gülənin ordunu ələ keçirmək istəyini “Gülənin ələ keçirə bilmədiyi tək qala: Türk Silahlı Qüvvələri” sərlöhvəsi ilə yayınlamışdım. Çünki o tarixə qədər Gülən ordu içinə aşağı rütbəli zabitlər yeridə bilsə də, ordunu ələ keçirməsi imkansız idi. Lakin Türk Ordusuna qarşı ardıcıl əməliyyatlarla Gülən öz yolunu açdı və 20-30 ilə keçiləcək yollar qısaldıldı və ona bağlı zabitlər “Ergenekon”, “Balyoz”, “Fuhuş” və digər əməliyyatlarla həbs edilən, ordudan uzaqlaşdırılan türk generalitetinin yerini tutmağa başladılar. Sonuc da ortadadır. Lakin sonuca keçmədən öncə “Terrorun GÜLƏN üzü” kitabımda da yayınladığım həmin bölümü diqqətinizə çatdırmaq istəyirəm:
Gülənin ala bilmədiyi tək qala: Türk Silahlı Qüvvələri
Başda F. Gülən olmaqla fətullahçılar Türkiyədə, eləcə də digər ölkələrdə onların mövqelərinə belə ağır zərbənin vurulmasında Türkiyə Silahlı Qüvvələrini (TSQ) günahkar bilirlər. Çünki yuxarıda da bildirildiyi kimi, Türkiyədə fətullahçı qruplaşmanın sıza bilmədiyi yeganə qurum TSQ-dir. Bu gün belə demək mümkündürsə, Türkiyədə iki kəşfiyyat orqanının, daxili işlər nazirliyinə bağlı kəşfiyyat orqanı ilə, TSQ-nə bağlı kəşfiyyat orqanı arasında ciddi rəqabət və gizli mübarizə gedir.
Hələ 1999-cı idə, yəni Ədalət və İnkişaf partiyası iqtidara gəlməmişdən əvvəl fətullahçı qruplaşmanın Daxili işlər nazirliyindəki mühüm postları ələ keçirdikləri sübut olunduğunu nəzərə alsaq bunun nə dərəcədə doğru olduğunu müəyyən etmək çətin olmaz. Daxili İşlər Nazirliyi baş müfəttişi Əhməd Saraç və həmkarlarının birgə hazırladıqları 22.6.1999-cu il tarixli 99/60 sayılı təhqiqat raportunda bildirilirdi ki, nazirlik, Polis Akademiyası və Əmniyyət Genəl Müdirliyində 262 fətullahçı kadr müəyyən edib. Bunlardan 85-i nazirlikdə, 10-u isə nazirliyin istixbarat (daxili kəşfiyyat) orqanlarında mühüm vəzifələrdədirlər. Fətullahçı qruplaşmanın bu gizli kadrlaşma strategiyasından heç şübhəsiz ən çox məlumatı olan qurum TSQ-nin kəşfiyyat orqanlarıdır.
Bir müddət əvvəl Türkiyə Quru qoşunları hərbi akademiyasının direktoru general Reha Taşkəsənin bəzi telefon danışıqlarının mətbuata sızması, R. Taşkəsənin istefaya göndərilməsinə səbəb olmuşdu. Genelkurmay başqanı Y. Büyükanıta qarşı isə “Şəmdinli qalmaqalı” ilə əlaqədar cinayət işi açılmaq istənmişdi. Bu hadisələr “generalların telefonlarına kim qulaq asır?” sualını doğurmuşdu. Bu sual şübhələrin Daxili İşlər Nazirliyindəki fətullahçı kadrlara yönəlməsinə səbəb olumuşdu.
Baş nazir, açıqca bu işin bəzi dini qrupların TSQ-nin əleyhinə apardıqları iş ola biləcəyini bildirmişdi. Yaşar Büyükanıt isə cavabında, F. Gülənin casus olduğunu və TSQ-nin heç vaxt bu şəxsin fəaliyyətlərinə göz yummayacağını bildirmişdi.
(May, 2007)
Bəli, Gülənin CIA casusu olduğunu bilən və orduya yaxın buraxmayanlar bir-bir uzaqlaşdırıldılar. Nəticə: 15 iyul çevriliş cəhdi oldu.
Bəs Azərbaycanda nə baş verir?
Türkiyədə baş verənlər müzakirə edilirkən, Gülənin Azərbaycan ayağı da ciddi müzakirə mövzusuna çevrilir. Çünki Gülən Şəbəkəsinin ilk ayaq açdığı ölkə Azərbaycandır. Ayrıca, Azərbaycan həm də Gülənin Rusiya, Qazaxıstan, Qırğızıstan kimi ölkələrə “imam” ixrac etdiyi ölkədir. Gələcək yazılarımızda geniş toxunacağımız üçün indi qısa olaraq qeyd edək ki, hazırda Qazaxıstan və Rusiyada Gülənin “imam”ları məhz Azərbaycan əsillidir.
Eyni zamanda Gülən Azərbaycanda böyük biznes şəbəkəsi, məmur ordusu, təhsil müəssisələri ilə ölkənin ən zəngin insanından daha güclü durumdadır. Bu səbəbdən də, Türkiyədə çevriliş olacağı təqdirdə, Gülənin Azərbaycandan qisas alacağı, növbəti çevrilişi burada edəcəyi ehtimalı heç də gəlişigözəl söz deyil.
Gülənçilər Azərbaycanda “vuruldu”mu?
Öncəliklə, bir məsələni nəzərdə saxlamaq lazımdır ki, kim “Gülən artıq bitdi”, “Gülənmi qaldı, mübarizə aparılsın” deyirsə, o şəxs ya bu Şəbəkənin gücünün fərqində deyil, ya da kripto gülənistdir.
Çünki faktiki olaraq, Azərbaycan prezidentinin iradəsinə qarşı və gözlərdən pərdə asmaq üçün edilən bir neçə nüansı çıxmaq şərtiylə Azərbaycanda fətullahçıların “vurulduğuna” dair heç bir fakt yoxdur.
Elnur Aslanov “vuruldumu”? Bəli, Prezident Aparatındakı vəzifəsini itirdi. Fəqət bu gün də bütün biznes strukturları əlindədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işi də heç də əvvəlki işindən azgəlirli deyil, baxmayaraq ki, iş yerində az tapılır.
Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hələ də vəzifəsinin başındadır. Dövlətin daxili və xarici siyasətinin müəyyənləşməsində strateji rol oynayan bir qurum hələ də Elnur Aslanovun “xas” adamına əmanətdir.
Azərbaycanın bel sütunu sayılan böyük dövlət şirkətlərinin əksər qurumları, nazirliklər yenə də Fətullah Gülənin “əsgər”lərinin nəzarətindədir.
Təhsil sistemi əllərindən alındımı? Görünüşə görə, bəli! Hətta Gülən belə “məktəblərimi bağladınız” dedi. “Çağ Öyrətim”i bağlayıb, yerinə “İstək” açıldı. “Çağ Öyrətim”in baş məsləhətçisi Nazim Əkbərov bu dəfə “İstək”də eyni vəzifəni daşımağa başladı ki, bu şəxsin ilk fətullahçılardan olduğunu özləri söyləyirlər və keçmiş Azərbaycan imamı Ənvər Özərən heç bir özəl toplantısına o, olmadan qatılmırdı. İndi bu şəxsin rəhbərliyində olduğu liseylər yenə öz fəaliyyətini davam etdirir.
Hazırlıq kursları ilə bağlı “Gülənə GÜVƏNən “hazırlıq mərkəzləri” adlı yazımda geniş qeyd etmişdim. Həmin hissəni yenidən sizə təqdim etmək istəyirəm:
“Heç kim sual vermir ki, bir neçə il öncəsinə qədər sadəcə bir neçə hazırlıq kursu olan ölkədə “Araz” bağlandı deyə, göbələk kimi hazırlıq kursları necə çoxaldı? Və ya “Araz” kursları bağlanmasına nə üçün bu qədər səssiz-səmirsiz qaldı? Çünki minarəni oğurlayan, bəhanəsini də ona görə, hazırlayıb.
Biz sizə açıqlayaq, “Araz” kurslarının taleyi necə oldu. Kursların Bakıdakı əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı Asiya Universiteti” yazılır. Lakin içəri daxil olduqda, universitetlə yanaşı “Araz” kurslarının da fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı altında davam etdirdiyini görəcəksiniz. İnternet üzərindən isə tapmaq daha asandır. “Ulduz” Hazırlıq Mərkəzinin Facebook adresində (https://www.facebook.com/ulduzhazirliqmerkezi/info?tab=page_info) yazılıb: “2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırlıq Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün istiqamətləndirməkdir”. Açması: “Araz” bağlanmadı, adını dəyişdirib, işimizə davam edirik.
Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.
Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib.
Xətai rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub. Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib. Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə Kəpəz Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə çevriliblər.
Bundan başqa xeyli sayda lisey və hazırlıq kursları açılıb və onlar görünüşdə Gülən ilə əlaqəli görünməsə də, hamısı bu Şəbəkəyə bağlıdır…
…Bütün bu ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçirilən hazırlıq mərkəzlərini birləşdirən bir məqam var. Belə ki, adını sadaladığımız bütün hazırlıq mərkəzlərinin dərslikləri və test mərkəzi bir yerdir: Güvən Nəşrləri. GÜLƏNə GÜVƏN yani… Sadəcə bir hərf oynamaqla Elnur Aslanovun, İxti yar Hüseynlinin, Fərhad Məmmədovun gənclərə verdikləri məşhur mesajları verirlər: Hər şey yaxşı olacaq, Gülənə GÜVƏNin…
Araz Kurslarının bütün dərs vəsaitləri, hamısının ismi dəyişdirilərək, “Güvən nəşriyyatı” adı ilə yuxarıda adı çəkilən kursların əsas dərs vəsaiti kimi istifadə olunur. Yəni, “Araz”ı keçib Azərbaycana gələnlər hazırda Gülənə GÜVƏNməyimizi istəyir və GÜVƏNdikləri şəxsləri hazırlıq mərkəzlərinə təyin edərək, yuxarıda qeyd olunan kimi görünüş etibarı ilə Azərbaycanlı, fəqət ruhu fətullahçı olanlarla işlərinə davam edirlər.
Liseylərin bağlandığını iddia edənlər “Çağ Öyrətim”in prezidenti Ənvər Özərənin ayrı-ayrı TUSİAB üzvləri ilə görüşərək, guya ingilis dilli pilot məktəb olan keçmiş “Bakı Özəl Türk Liseyi”nin həyətində tikilən bina üçün para yardımı istəməsini necə izah edə bilərlər? Bəli! Bu gün həm bu hazırlıq mərkəzlərinin, həm liseylərin ümumi beyin mərkəzi, yəni “üst ağıl”ı Qafqaz Universitetidirsə, bütün maddi dəstək qaynaqları TUSİAB və İPƏKYOLU çatıları altında toplaşan fətullahçı şirkətlərdir. Məhz bu səbəbdən də, Ənvər Özərən, Məsut Kurnaz, Əhməd Sanıc kimi fətullahçılar xırda problemdə belə onların qapısını döyür, onlardan yardım istəyirlər”.
Göründüyü kimi, hazırlıq mərkəzləri də yenə bunların nəzarətindədir. Son hadisələrdən sonra “bağlanma” şousu ilə gündəmə gələn Qafqaz Universitetinə toxunaq. Doğrudanmı Əhməd Sanıc hamıya “əlvida” deyib, pencəyini alıb getdi? O zaman universitetdə hələ də nə işi var? Yoxsa, rektorluqdan getsə də, “müvəqqəti” olaraq, Azərbaycanda qalmağa davam edəcək? Bu “müvəqqəti” neçə ildir? Təəssüf ki, gələn xəbərlər heç də ürəkaçan deyil. Bu zamana qədər fətullahçıları qoruyan, onların ölkədən çıxarılmaması üçün digər dövlət qurumlarına basqı edənlər yenidən meydana çıxıblar. O zaman Məsut Kurnazın, Ənvər Özərənin Bakıdan getməməsi üçün qapı-qapı gəzənlər indi də Əhməd Sanıcın ən az bir il universitetdə “məsləhətçi” statusu ilə qalmasına çalışırlar. “Facebook”da isə Əhməd Sanıc üçün koreyalı diktator Kim Çen İr üçün axıdılan gözyaşının “kitayski” variantından istifadə edərək, “məzlum” obrazı oynayırlar.
Eyni zamanda qeyd etmək lazımdır ki, Əhməd Sanıcın getməsi ilə Qafqaz Universitetinin fətullahçılardan təmizləndiyini iddia etmək cahillikdir. Liseylərdə Nazim Əkbərov kimdirsə, Qafqaz Universitetində də Natiq Paşa eyni funksiyanı oynayır. Natiq Paşa da Gülənin ilk azərbaycanlı müridlərindən biridir. Azərbaycandakı türk fətullahçılar belə “rütbə”sinə görə, ondan böyük deyillər. Belə olan təqdirdə, Əhməd Sanıcın gedib-getməməsi QU üçün heç nəyi dəyişmir.
Natiq Paşadan başqa Sənnur Əliyev, Uğur Arif Bölək, Təyyar Mustafayev, Şaiq Nəbiyev kimi “kidemli” fətullahçıların nəzarətində olan universitet bir rektorun göndərilməsi ilə “təmizləndimi”? Buna siz özünüz inanırsınızmı?
Unutmadan bir məqamı vurğulamaq lazımdır ki, bu gün Gülənin Azərbaycandakı dayaqlarının sarsıdılması strateji müttəfiqimiz Türkiyədən daha çox Azərbaycana lazımdır. Çünki hələ 2006-cı ildə Azərbaycan prezidenti bu dayaqları söküb-atmaq istəyərkən Gülənin Türkiyədəki ortaqları və siz mane oldunuz. O zaman tanımırdınız, artıq təkkə düşüb, kəl görünüb. Nə üçün indi də Güləni müdafiə edirsiniz? Sizi ona bağlayanın din-iman olmadığını hər kəs bilir. Pulunuz da oradan gəlmir bəzi media qurumlarımız kimi. Bəlkə “kasset”lər yolunuzu bağlayır?
Əgər belə deyilsə, nə üçün Gülənin rəsmi nümayəndəliyi olan “Dialoq Avrasiya” Platformuna sahib çıxırsınız? Onun Azərbaycanda yenidən güclənməsinə çalışırsınız, Qafqaz və liseylərə paralel olaraq?!
Dialoq Avropa Platforması nədir?
Bu barədə Axar.az saytı yazır: “Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması (DAP) 15 sentyabr 1998-ci il tarixində Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib.
Platformanın yaradılmasının təşəbbüskarlarından çoxunun adı məlum olmasa da, bunlardan birinin adı bütün rəsmi mənbələrdə açıq aşkar göstərilir. Bu şəxs Fətullah Güləndir. Sitat: “Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan Dialoq-Avrasiya Platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər”. (Mənbə: Fətullah Gülənin rəsmi saytı, “Tanınan və tanınmayan Fəthullah Gülən” adlı bioqrafik yazı – http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen )
DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilşiyi kimi göstərilir.
Maraqlıdır ki, Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. Anar müəllim bir vaxtlar həmçinin beynəlxalq platformanın da dönəm başqanı olub.
Hazırda isə DAP-ın Azərbaycanın Milli Komitəsinə Anarın yaxın dostu, millət vəkili Nizami Cəfərov rəhbərlik edir.
DAP-ın mətbu orqanı olan DA jurnalı isə Türkiyə, Rusiya və Azərbaycan başda olmaqla, Avrasiyanın 16 ölkəsində nəşr olunur…
…Nurçuların (oxu: fətullahçıların -red.) Azərbaycandakı siyasi, ideoloji və iqtisadi işğalını həyata keçirən, dövlət qurumlarına dərin kök salan, öz telekanalı, saysız-hesabsız media qurumları, universitetləri, təhsil ocaqları, yüzlərlə şirkəti olan Gülən şəbəkəsinin koordinasiyasını həyata keçirən bu qurum ikili fəaliyyətlə məşğuldur. Görünən tərəfi budur ki, DAP mütəmadi olaraq konfranslar, seminarlar keçirir, Azərbaycan ziyalılarını, jurnalistlərini şəbəkəyə cəlb edir, onların Türkiyə səfərlərini təşkil edir… …Əslində isə qurum Azərbaycanın məşhur simalarını, ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə “qoruyucu zireh” yaradır, məşhur ticarət mərkəzlərinin birindəki səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir. Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da, pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən “hizmet” adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların sistemində “yetişdirilən”, beyni yuyulmuş azərbaycanlı gənclərdir. Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa Saatçının adını dəqiqləşdirə bildik”.
Məlumat üçün qeyd edək ki, Mustafa Saatçının adı deşifrə olduqdan sonra o, qurumun rəhbərliyindən “Aksesuar İnşaat” və “Aksesuar Dizayn” şirkətlərinə baş koordinator vəzifəsinə getdi. Onun yerinə isə Qafqaz Universitetinin dekanı Cəlil Ərdəm gətirildi. C.Ərdəm bu posta gətirildikdən sonra bir ildən bəri susqun olan qurumun “buz”ları əridi və o, hazırda Azərbaycan mediası ilə açıq görüşlər keçirir, yenidən şəbəkəni bərpa etməyə çalışır. Maraqlıdır ki, Gülənin rəsmi təmsilçisi statusunda olan bu şəxsə Azərbaycanda “gözün üstə qaşın var” deyən yoxdur. Hətta bəzi rəsmi qəzet kapitanları C.Ərdəmlə görüşlərini Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət kimi təqdim etməkdədirlər.
Bütün bunlar gözümüz önündə olduğu halda, bizdən “Azərbaycanda Gülən ilə mübarizə aparılır” nağılına inanmaq tələb olunur. İnciməyin, bizim bu yalanlara və sizin yenidən Güləni qorumaq cəhdlərinizi görməzdən gəlməyə həvəsimiz yoxdur. İstəyirsiniz, bu dəfə təzminatı dörd milyon edin. Necə də olsa, devalvasiya olub. Ancaq tarix 10 il əvvəl yazdıqlarımızı haqlı çıxardı. Bizi basqılarla, təzyiqlərlə susdursanız belə, tarix yenə sizi mühakimə edəcək. Millətin gələcəyini öz dövlətinin parlamentini bombalayan, xalqını gülləbaran edən bir şəbəkəni qorumağınızı nə indiki, nə də gələcək nəsillər sizə bağışlamayacaq!…
Aqil ƏLƏSGƏR
P.S. “Zaman Azərbaycan”ın iki ölkə arasında fitnə toxumu əkmək cəhdi isə bir başqa yazının mövzusudur.