Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barel olub.
Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata əsasən, bunun 722 min barelini xam neft, 84 min barelini kondensat təşkil edib. Gündəlik 572,9 min barel xam neft, 84 min barel kondensat, 18 min barel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.