Vyanada “OPEC+” ölkələrinin nazirlərinin görüşü keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edib.
Görüşdə yeni tip koronavirusun yayılması nəticəsində dünya neft bazarlarında yaranan vəziyyət və neft hasilatında ixtisarlar barədə müzakirələr aparılıb.
“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib.
Görüşdən sonra yayılan bəyanatda neftin qiymətini sabitləşdirmək üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, görüşdən öncə OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Təklifə əsasən, həmin həcmin bir milyon barreli OPEC ölkələri, yarım milyon barreli isə qeyri-OPEC ölkələri tərəfindən ixtisar edilməli idi. Lakin Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını azaltmaq təklifini qəbul etməyib.
OPEK+ razılaşmasının yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsi bazar şərtlərini, neft hasilatı səviyyəsini və digər məsələləri təhlil etməyə davam edəcək, həmçinin ittifaq ölkələrinə tövsiyələr vermək səlahiyyətlərini saxlayacaq.
www.yenicag.az