Azərbaycanda inflyasiya daha da sürətlənib
Azərbaycanda illik inflyasiyanın artım tempi 5,9 faizdən 6,3 faizə qalxıb.
Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artmışdı.
2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz yüksəlib.
2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb.
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna yarmasının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, brokkolinin, şirin bibərin, süfrə çuğundurunun, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma ayaqqabıların və zərgərlik məmulatlarının, ucuzlaşma isə mebelin və yazı kağızlarının qiymətlərində müşahidə olunun. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsi, stomatoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.