Bilgəhdə dənizdə bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.













