“Vətəndaşlara tövsiyə edərdim ki, əgər internetin keyfiyyəti barəsində şikayətlərini daha səmimi, arqumentləşdirilmiş, sübütlu göstərmək istəyirlərsə, bunun üçün “speed test” kimi alətlər var. Evdə internetin sürətini telefonla ölçərək, onun videosunu çəkib həmin şərhlərin altına göndərə bilərlər. Bu artıq cəmiyyətdə bir fikri arqumentləşmiş şəkildə şikayətə çevrilmiş olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda internet paketlərinin tənzimlənməsindən sonra vətəndaşların keyfiyyətlə bağlı yaranan narazılığı barədə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanda internet qiymətlərinin artışı olmayıb:
“Ölkəmizdə internet qiymətləri deyil, internet paketlərinin alt limiti 18 manatlıq 40 Mbit/s-lik paketlər ləğv edilərək, yerinə 25 manata 100 Mbit/s-lik paketlər təyin olunub. Bu isə 18 manata 40 Mbit/s olanda 1 Mbit/s-i 40 qəpikdən, 25 manata 100 Mbit/s olanda isə 1 Mbit/s-i 25 qəpiyə, yəni Azərbaycanda internetin qiyməti 40 qəpikdən 25 qəpiyə qədər azalıb. Sadəcə, alt limitlər ləğv olunar daha yuxarı paketləri təyin olunduğu üçün ölkəmizdə, “internet qiymətləri qalxdı”, kimi təqdim olunur. Amma əslində, tam fərqlidir. Dünya praktikasında da bu belədir. Bütün Avropa ölkələri, hətta qonşu ölkələrdə də aşağı limit paketlər 100 Mbit/s-dən təyin olunur”.
E.Abbasov qeyd edib ki, internetin keyfiyyət məsələsinə gəldikdə, burada bir çox amil var:
“Mən də sosial şəbəkələrdən, televiziyalardan şikayətləri izləyirəm. İzlədiyim şikayətlərdə bir çox internet probleminə aid olmayan digər texniki səbəblərə aid olan arqumentlər var. Məsələn, vətəndaşlardan biri modemin yanından uzaqlaşdıqda internetin keyfiyyətinin aşağı düşdüyünü deyir. Bu, təbii haldır. Hər bir modemin radiusu var. Deyək ki, internet kabelləri gərgin elektrik kabellərin yanı ilə getsə təbii ki orada internet keyfiyyəti aşağı düşməlidir. Bundan başqa evdə modemin yerini düzgün təyin olunmadığı yerlərdə vətəndaş çox uzaqdadırsa, radiusdan kənarda qalırsa və internet düzgün tənzimlənmirsə, bir çox alt motif var. Təbii ki burada müxtəlif provayderlərin də ədalətsiz yanaşması ola bilər. Bunlar da istisna deyil.
Azərbaycanda interneti tənzimləyici orqan var. Bu, İnformasiya və Kommunikasiya Texnologiyalar Agentliyidir. Həmin Agentliyinin E-şikayət deyə portalı var. Biz bunu hər yerdə daim gündəmə gətiririk. Bu şikayət portalından insanlar öz narazılıqlarını bildirsələr, birbaşa tənzimləyici orqana bildirmiş olurlar. Həmçinin Anti-inhisar Xidməti var. Bu qurum da istehlakçıların hüquqlarını qoruyur.
Vətəndaşlara tövsiyə edərdim ki, əgər internetin keyfiyyəti barəsində şikayətlərini daha səmimi, arqumentləşdirilmiş, sübütlu göstərmək istəyirlərsə, bunun üçün “speed test” kimi alətlər var. Evdə internetin sürətini telefonla ölçərək, onun videosunu çəkib, həmin şərhlərin altına göndərə bilərlər. Bu, artıq cəmiyyətdə bir fikri arqumentləşmiş şəkildə şikayətə çevrilmiş olacaq.
Hazırda ortada bir “söz külliyyatı” var. Özəl və dövlət provayderləri vurğulayır ki, biz interneti 100 Mbit/s-lik etdiyimiz yerlərdə həmin sürəti təmin edirik. Burada iki tərəfin də iddiası var. Burada artıq ölçüm lazımdır. Həmçinin vətəndaşlar şikayətlərini düzgün formada-arqumentləşmiş formada fikir bildirməlidir. Texniki səbəblərə əsaslanmayan fikirlər ümumiyyətlə qəbul olunmur. Məsələn, tənzimləyici orqan yaxud da özəl və dövlət provayderləri çəkərək paylaşır ki, bu 100 Mbit/s-dir deyə sübut edir. Vətəndaş da bu “speed test” kimi alətlərdən istifadə edərək, bunu edə bilər.
Ümumiyyətlə, internet problemi deyəndə bu söz olaraq ortaya çıxmamalıdır. Burada arqumentləşmiş fikir olmalıdır. Fikri əsaslandırdıqdan sonra bu şikayət kimi sayıla bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az