Ceyhun Bayramov Vatikanda Qallagerlə görüşdü

media-hightechnic-468x90

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi naminə son zamanlar yüksək səviyyəli səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidentinin Vatikana rəsmi səfərləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın cari ilin oktyabr ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti vurğulanıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və tədqiqat mərkəzi olan “Bambino Gesu”nu ziyarəti və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi və hal-hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb.

2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışılıb.

Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi qeyd edilib.

Bununla yanaşı, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa