“”Lombardlar haqqında” yeni qanun layihəsinin hazırlanmasına və qəbul olunmasına ehtiyac var. Lombard fəaliyyətinin daha yaxından tənzimlənməsi üçün ayrıca qanunun qəbul edilməsi məqsədəuyğundur”.
Yenicag.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra hallarda lombardlarla borc alanlar arasında müəyyən məsələlərlə bağlı anlaşılmazlıqlar və hətta bəzi hallarda ciddi problemlər yaşanır:
“Əvvəlki illərdə bəzi lombardların öz öhdəliklərinə əməl etməməsi və girovla bağlı problemlər yaratmasını müşahidə edirdik. Son illər bu sahədə vəziyyətin xeyli dəyişməsi və yaxşılaşması müşahidə olunur. Bunlarla yanaşı yeni qanun layihəsinin hazırlanmasına, xüsusilə girovlar, girova münasibətdə verilən borcun məbləğinin tənzimlənməsinə və lombardlardan borc alan vətəndaşlarımızın hüquqlarının daha yaxından qorunmasına ehtiyac var. Eyni zamanda, lombardların faiz dərəcələrinin tənzimlənməsi istiqamətində inzibati deyil, digər metodlardan istifadənin nəzərdə tutulması məqsədəuyğun olardı”.
Deputat bildirib ki, bu gün lombardların kredit faizləri kifayət qədər yüksəkdir: “Kredit faizləri yüksək olduğuna görə, lombarddan kredit götürən vətəndaşlarımızın daha çox borclanmasına gətirib çıxarır. Digər tərəfdən isə borclandıqdan sonra bir sıra hallarda onu qaytarmaqda çətinlik olur. Bu baxımdan girovu almaqda da çətinliklər müşahidə edilir”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün keçirdiyi mətbuat konfransında “Lombardlar haqqında” qanunun yeni layihəsinin hazırladığını bildirib. Onun sözlərinə görə, AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq.












