!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda milli düşüncənin YENİ MƏRHƏLƏSİ: Dövlətçilik ənənəmiz gələcəyə necə daşınır? - TƏHLİL

!Reklam – Yazi

Qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın əlverişli coğrafi mövqeyi, geniş yerləşmə arealı bu torpaqlarda insanların barınmasına və ömür sürməsinə səbəb olmuşdur. Coğrafi səbəblərlə yanaşı, bölgənin geosiyasi durumu da Azərbaycanı daim diqqət mərkəzində saxlamış, dönəmlərin güclü dövlətlərinin mənafe savaşına şahidlik etmişdir.

Qeyd edilən dövlətçilik ənənələri mədəniyyətin inkişafına və sabit milli adət-ənənələrin, elmi-fəlsəfi görüşlərin, ədəbi-mədəni nümunə və baxışların ərsəyə gəlməsinə töhvə vermişdir. Zərdüştilik, məzdəkilik, manilik kimi dini-fəlsəfi baxışların məhz bu coğrafiyadan çıxması müasir Azərbaycanın “düşünən insan” fenomeninin ilkin təzahürləridir.

Elmdən fərqli olaraq mədəniyyət həm də milli düşüncənin məhsulu olması ilə seçilir. Mədəniyyət anlayışının ümumiləşdirilməsindən savayı, onun bir millətə məxsus olması “millilik” düşüncəsinin formalaşmasından başlayır. Azərbaycan xalqının milli kimliyinin, təfəkkürünün və şüurunun formalaşması da uzun zamandan süzülüb gələn dəyərlərin milli məfkurə öndərlərinin qələmlərindən tökülərək millətin düşüncəsinə sirayət etməsilə özünün inkişafını və geniş dərkini tamamlamışdır. Xalqın milli kimliyinə sahib çıxması və bir millət kimi formalaşmasında, heç şübhəsiz, ədəbiyyatın böyük rolu olmuşdur.

Müasir ədəbi-nəzəri düşüncədə də qəbul edildiyi kimi, ədəbiyyat dövrün siyasi-sosial sahəsinə müxalif olmaqla. milli şüurun dərkində önəmli yerlərdən birini tutur. Hələ XIX əsrin ortalarından etibarən yazılmaqda olan xalqın millət kimi birləşməsi ideyası həmin əsrin sonlarına doğru daha da kamilləşdi və geniş hərəkata çevrildi. Milli düşüncənin inkişafı tendensiyası maarifçi-realistlərin əsərlərində daha ön plana çıxır, xurafata, dini cahilliyə qarşı savaş açılır. XX əsrin əvvəllərindən etibarən milli düşüncəni özlərinə bayraq etmiş ədəbi şəxsiyyətlərin qruplar halında birləşərək milli ideologiyanı təbliğ etməsi geniş kütlələrə xitab baxımından önəmli idi. “Molla Nəsrəddin” və “Füyuzat” məktəblərinin yaranması, cəsarətli yazıların yayımlanması inqilabi xarakter daşıyırdı.

Milli özünüdərk probleminin qarşısında dayanan ən böyük problemlərdən biri də milli mənsubiyyət məsələsi idi. Milli mətbuatın yaranması da milli özünüdərk probleminin həllini daha da sürətləndirdi.

Ədəbi-mədəni sferada bir-biri ilə bağ təşkil edən proseslərin ardıcıl şəkildə davam etməsi və millətin milli kimliyini dərk etməsi nəticəsində siyasi fəaliyyət də genişlənirdi. Əlverişli siyasi şəraitin yaranması, Azərbaycanı öz tavanı altında birləşdirən rus imperiyasının təməllərinin sarsılması fonunda milli hərəkatın daha da güclənməsi azadlıq ideyalarını artırırdı. Bunun nəticəsində müsəlman şərqində ilk dəfə olaraq Azərbaycanda Xalq Cumhuriyyəti elan edilir. 1918-ci ilin 28 mayında qurulan AXC torpaq altında qalmış müsətqillik ideallarını yenidən diriltdi. Bununla yanaşı, mövcud olduğu 23 ay ərzində çoxsaylı işlər görüldü. Bugünkü dövlət quruculuğunun təməlləri qoyuldu. Elm, mədəniyyət, ədəbiyyat, hərbi, siyasi və sosial sahələrdə keçirilən islahatlar, demokratik mühitin yaradılması, vətəndaşların güzəranının yaxşılaşdırlması ilə bağlı görülən işlər qısa müddətdə bütün ölkəni əhatə etdi. Çalxantılı bir dövrdə min-bir çətinliklə qurulan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində bolşeviklər tərəfindən işğal edildi və onun varlığı sonlandırıldı.

Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə aydınlarımızın böyük əksəriyyəti mühacirət etmək məcburriyyətində qaldılar. Buunla belə, onlar silahlarını yerə qoymayaraq mühacirət etdikləri ölkələrdə çətin şəraitdə belə olsa, millətinin milli inkişafını tamamlamağı özlərinə vəzifə edinmişcəsinə qələmlərini yerə qoymadılar. Məhz Azərbaycanın öndə gələn ziyalılarının, böyük öndərlərinin qurduğu AXC 70 illik sovet əsarətindən qurtulmaq üçün bir dayanaq nöqtəsi oldu.

70 illik əsarət dönəmində milləti öz keçmişindən və köklərindən uzaqlaşdırma siyasəti yürüdülsə də, Azərbaycan Xalq Cümhuriyyəti təməlində azadlıq idealı heç zaman sönmədi. Keçmiş SSRİ-də yüksək vəzifə tutan Heydər Əliyevin də bu mənada böyük xidmətləri olmuşdur.

XX əsrdə azadlığı, müstəqilliyi bir dəfə dadan və həmin tamı unutmayan Azərbaycan milləti ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində yenidən azadlıq uğrunda mübarizəyə qalxdı. Geniş əks-səda doğuran Azadlıq hərəkatı Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsilə sonuclandı. Ağrılı, sancılı olan, faciələrlə, soyqırımlarla yadda qalan bu proses öz tarixi nəticəsini hər şeyə rəğmən tamamladı.

Bu proses boyunca kəsdiyi duz-çörəyə xainlik edən mənfur ermənilər və onların havadarları Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə başladı və əzəli torpaqlarımız işğal edildi. Müstəqilliyin yenidən bərpasının ilk illərində ölkədə sürən çalxantılı durum tədricən sabitləşməyə dorğu getdi və Heydər Əliyevin hakimiyyətə gəlməsilə ölkə sabit inkişaf dövrünə qədəm qoydu.

Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı bölgənin söz sahibi ölkələrindən birinə çevirməklə bərabər dünyada da Azərbaycan anlayışını formalaşdırmaq kimi vəzifəni icra etdi. Heydər Əliyevin müəyyən etdiyi strategiyanı davam etdirən Prezident İlham Əliyev də son 19 ildə ölkəni tamamilə başqa bir müstəviyə daşıyaraq yeni dönəmin başlanğıcını qoydu. Həyata keçirilən iqtisadi və sosial layihələr bölgələrin davamlı inkişafına təkan verdi, qeyri-neft sektoruna marağı artırdı. İlham Əliyevin prezident kimi icra etdiyi ən önəmli vəzifələrdən biri də hərbi quruculuq işlərinə xüsusi diqqətin ayrılması oldu. Hərbi sahənin inkişaf etdirilməsi, müxtəlif ölkələrdən ən son texnologiyalarla hazırlanmış və müasir standartlara cavab verən silahların alınması, həmçinin ordu tərkibindəki islahatlar böyük zəfərə aparan yolun başlanğıcı oldu. Azərbaycan gəncliyinin milli adət-ənənələr, milli düşüncədə böyüdülməsi də zəfəri labüd edən amillərdən oldu.

2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ərazilərimiz düşmən tapdağından azad edilərək yenidən öz tarixi-coğrafi anlayışlarına qovuşduruldu.

İkinci Qarabağ Savaşında əldə edilən zəfər hazırda ölkəmizin önündə yeni səhifə açır. Əzilmişlik kompleksindən çıxmış Azərbaycan xalqı inkişaf etmə yolunda inamla irəliləyir.

Aqil Bəkir

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv