!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda siyasi fəallığın ARTIRILMASI: Cəmiyyətin gedən proseslərə marağı hansı səviyyədədir?

!Reklam – Yazi

Müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır.

1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələr, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri oldu. Ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atır.

Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə respublikamızda hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Prezidenti hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir.

Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır.Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqları ilə bağlı bir sıra nəzəri və praktiki addımlar atılıb:

“Bu gün Azərbaycanda mövcud olan insan hüquq və azadlıqları istiqamətində əldə olunan uğurların böyük hissəsi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən bu sahədə ciddi qərarların qəbul olunması məhz 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bağlıdır. İlk dəfə bu Konstitusiyada bir sıra vacib məqamlar öz əksini tapmışdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən Konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalar da öz əksini tapıb.

Bu proseslərin məntiqi davamı olaraq 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. 1998-ci il iyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə fərman imzaladı. 2000-ci ildən etibarən Azərbaycanda məhkəmələrin yaradılması və eyni zamanda, məhkəmə institutlarına hakimlərin seçilməsi test üsulu ilə keçirilir. Bu, ən mühüm addımlardan biri hesab olunmalıdır. 2001-ci ildə Ulu Öndər tərəfindən İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması barədə fərman qəbul olundu və 2002-ci ildə ölkəmizdə ilk dəfə insan hüquq və azadlıqlarının təmin olunması istiqaməti üzrə ixtisaslaşmış qurum kimi Ombudsman İnstitutu yaradıldı.

Qeyd edim ki, bu sahə üzrə ardıcıl addımlar ölkə başçısı İlham Əliyevin dövründə də davam etməkdədir. Bu istiqamət üzrə bir sıra sərəncam və fərmanların qəbul olunması məhkəmə institutlarının getdikcə təkmilləşdirilməsinə və dünya ölkələrində mövcud olan standartlara cavab verməsinə yol açıb. Bu gün Azərbaycan demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs vəzifəsindən və statusundan asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bu bərabərliyin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilir”.

Ekspertin sözlərinə görə, qəbul ediləcək “Siyasi partiyalar haqqında” yeni qanun vətəndaşların ölkədə keçiriləcək siyasi hadisələrdə yaxından iştirakına zəmin yaradacaq:

“Ölkə başçısı İlham Əliyev 2018-ci ildə növbədənkənar prezident seçkilərinə gedərkən çox geniştərkibli islahatlar paketi hazırlanmışdı. Həmin paketdə əksini tapan əsas amillərə bir sıra sahələr üzrə struktur və kadr islahatların aparılması daxil idi. Məhz həmin dönəmdə ölkə başçısı İlham Əliyev Azərbaycanda yeni siyasi proseslərin baş verəcəyi ilə bağlı fikirlər də səsləndirmişdi. 2020-ci il növbədənkənar parlament seçkilərindən sonra prezident İlham Əliyev hazırkı parlamentin ilk iclasında çıxış edərkən ölkədə yeni siyasi konfiqurasiyanın yaradılması məsələsinə toxundu. Bu prosesin davamı olaraq ölkədə yeni “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasına artıq tələb yaranıb. Çünki “Siyasi partiyalar haqqında” qanun standartlara cavab vermirdi və dəyişdirilməsi zəruri idi. Yeni layihədən görünür ki, passivlik göstərən siyasi partiyalar və təşkilatların artıq aktiv fəaliyyətə keçməsi ilə bağlı münbit şərait yaradılıb. Eyni zamanda, ümummilli maraqların ehtiva olunduğu bir sıra ciddi tələblər öz əksini tapıb. Partiyaların proseslərdə aktiv iştirakını zəruri edən ciddi müddəalar qəbul olunub. Bu qərar ölkədə sosial və siyasi fəallığın inkişaf etdirilməsinə müsbət təsir edəcək. Bununla yanaşı, vətəndaşların ölkədə keçiriləcək siyasi hadisələrdə yaxından iştirakına zəmin yaradacaq”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv