!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tələbələrin yataqxana PROBLEMİ – Hansı işlər görülməlidir?

!Reklam – Yazi

Yeni tədris ilinin başlamasına 10 gün qalıb. Bir çox universitet qapılarını yeni tələbə adını qazanmış tələbələrə açacaq. Onların əksəriyyəti bölgələrdən gələn tələbələrdir. Bölgələrdən Bakıya üz tutan tələbələrin ən böyük problemi təbii ki, kirayə mənzil, ya da yataqxana ilə bağlı olur.

“Yeni Çağ” Media olaraq, paytaxtda yerləşən ali təhsil müəssisələrinin yataqxanaları ilə bağlı vəziyyəti öyrənmək üçün universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxladıq.

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva qeyd edib ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir:

“Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları mövcuddur. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və sair qəbul edilir. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova deyib ki, AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:

“Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Qeyd edim ki, yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, ADMİU-nun yataqxanası uzun illərdir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin səlahiyyətindədir və orada məcburi köçkünlərimiz məskunlaşıb. Ona görə də hələ ki universitetin yataqxanası yoxdur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova qeyd edib ki, Universitetin 5 yataqxanası var:

“Onların hamısında məcburi köçkünlər məskunlaşıb. Ona görə də yataqxana tələbələrin ixtiyarına verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenilənərək, tələbələrin istifadəsinə verilə biləcək”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, bu məsələ illərdir ki, qaldırılır və bu məsələlər artıq öz həllini tapmalıdır:

“21-ci əsrin Bakısında tələbələr bölgələrdən gələrək kirayə ilə əlləşməməlidir. Qidalanma, yaşama dərdi kimi problemlərlə başı dolu olan tələbə onsuz da dərs oxuya bilməz. Mən 1999-2003-cü illərdə təhsil almışam. Həmin illərdə regionlardan gələrək, təhsil alan dostlarımız var idi ki, onlar təhsildən daha çox ayın sonunda kirayə pulunu necə verəcəklərini, qidalanmanı necə təmin edəcəklərini fikirləşirdilər. Ona görə də məcbur qalaraq işləyirdilər və nəticədə dərsdən geri qalırdılar. Buna görə də imtahandan kəsilirdilər. Düşünürəm ki, universitetlərin hər birininə qanunvericilikdə öhdəlik kimi qoyulmalıdır ki, hər bir ali təhsil müəssisəsinin məcburi şəkildə ən azı tələbə sayının 1/3-i, yarısı qədər yataqxanası olmalıdır. Tələbə yataqxanalarının olması minimal ödənişlərlə təbii ki, heç bir universitet xeyir güdmədən tələbələrin təhsilinə dəstək üçün yataqxanaların olması məcburi halda olmalıdır deyə düşünürəm”.

T.Abbaslı qeyd edib ki, bəzi dövlət universitetlərin rəsmi şəkildə yataqxanaları var, amma yataqxanaların böyük əksəriyyəti yararsız vəziyyətdədir:

“Məcburi köçkünlərdə yavaş-yavaş öz torpaqlarına qayıdırlar, amma onların boşaltdığı yataqxanalar da yararsız vəziyyətidir. Bakı Dövlət Universitetində kiçik bir binada nümunəvi yataqxana tikiblər, lakin BDU-nun neçə minlik tələbə heyətinə yetmir. Bu məsələdə qanunvericilik aktları qəbul olunmalı və təbii ki, Elm və Təhsil Nazirliyi bu məsələdə işlər görməlidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv