Azərbaycanda yeni kəşf olunmuş qızıl yatağında qazma işləri tamamlanıb

Gədəbəydə yerləşən “Uğur” qızıl yatağında II Faza aktiv zona qazma işləri tamamlanıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti məlumat yayıb.
Məlumatda deyilir ki, bu işlərin tamamlanması bu ilin III rübündə yataqda ehtiyatların qiymətləndirilməsinə imkan yaradacaq.

“Yeni kəşf olunan “Uğur” qızıl yatağında bu ilin IV rübündə planlaşdırılan ilk hasilat öncəsində önəmli irəliləyiş əldə olunub. Bu yataq şirkətin 2017-ci il üçün 64-72 min unsiya qızıl ekvivalentində hasilat hədəfinə çatmağa yardım edəcək”, – deyə məlumatda qeyd olunub.

Hazırda qazma nümunələrinin müstəqil keyfiyyət təminatı və keyfiyyətə nəzarət analizi aparılır. “Uğur” yatağı və Gədəbəy emal müəssisələri arasında detallı topoqrafik təhlilin tamamlanmasının ardınca servis yolunun layihələndirilməsi yekunlaşıb.

Qeyd edək ki, “Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo Asian Mining”in Qələviləşdirmə zavodundan 3 km Şimal-Qərbdə yerləşir.

Qeyd edək ki, bu il şirkət Gədəbəydə geniş kəşfiyyat və hasilatın optimallaşdırılması işləri həyata keçirir. Bu çərçivədə “Gədəbəy” açıq mədənində bu aydan ilin sonuna qədər hasilat azaldılacaq.

“Qadir” yeraltı mədənində də qazma aparılması üçün bu ilin fevral ayında filiz hasilatı dayandırılıb və bu proses sentyabr ayına qədər davam edəcək. “Qadir”dən bu kəşfiyyat fazasındakı bütün filiz hasilatı 2017-ci ilin IV rübünün ehtiyatına daxil ediləcək.

“Gədəbəy” açıq mədənində tam hasilatın 2018-ci ilin əvvəlində bərpa olunması gözlənilir.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

Yeniçağ.Az

COP29