Problemin yaşandığı ilk saatlarda “Azəriqaz” İstehsalat Birliyi susmağa üstünlük verdi. Qurum yaşananlarla bağlı hər hansı tədbir görmək bir yana, heç açıqlama belə vermədi və necə deyərlər, abonentlər taleyin ümidinə buraxıldı. Amma narazılığın mediaya və sosial şəbəkələrə daşınması qurumu “növbətçi açıqlama” ilə çıxış etməyə məcbur etdi. Nə vardı bu açıqlamada? Ümumi söz yığını, “çalışırıq, yaxşı olacaq” tipli yolavermələr…
Amma saatlar və günlər keçsə də problem həll olunmadı. Bu isə artıq narazılığın sosial şəbəkələrdən küçələrə keçməsi ilə nəticələndi. Mediaya bəlli olan Sumqayıtda bir qrup sakinin problemlə bağlı yolu bağlamasıdır. Bununla belə bu kimi ictimailəşməyən halların digər rayon və şəhərlərdə yaşandığını da istisna etmək olmaz. Qısası, “Azəriqaz” Yeni ilin ilk günündə əhalini küçələrə çıxarmağı bacardı.
Qurumun səriştəsizliyi az qala ölkəmiqyaslı sosial narazılığa səbəb oldu. “Azəriqaz” rəhbərliyi ilin sonunda – qaz limitlərinin sıfırlandığı, tarif dəyişikliklərinin tətbiq olunduğu və müraciətlərin kütləviləşəcəyi əvvəlcədən bəlli olan həssas bir dövrdə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Azər Məmmədovdur. O, bu vəzifəyə keçən il təyin olunub. Onun 2026-cı ildə bu vəzifədən azad olunub-olunmayacağı isə yaxın günlərdə bəlli olacaq.
Adamları şaxtalı havada küçələrə çıxarmağı bacaran “Azəriqaz” rəhbəri isti kabinetindən qovulacaqmı?
Gözləyək…/savasmedia.az












