Azərbaycanın 2023 HƏDƏFİ: “Rəsmi Bakının bunu güc vasitəsi ilə etməsi tam hüququdur” – Polkovnik

“Erməni tərəfi 2023-cü ildə Qarabağda yurisdiksiyamızın bərpa olunması üçün hərbi güc tətbiq etməkdən başqa variant saxlamır”.

Bu fikirləri Azərbaycanın Qarabağla bağlı 2023-cü il hədəfləri haqqında danışan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Qarabağdakı silahlılar legitim hədəfdir və vurula bilər:

“2023-cü ildə Azərbaycanın Ermənistanla bağlı 3 əsas strateji istəyi var. Onlardan birincisi, sərhədlərimizin tanınmasıdır ki, əgər onlar bunu qəbul etsələr, Qarabağı da Azərbaycanın suveren ərazisi kimi tanımalıdırlar. Bu zaman qeyri-qanuni birləşmələr də buradan çıxarılmalıdır. İkinci məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bu yöndə də müsbət mesajlar yoxdur. Digər bir məsələ isə sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Bu üç hədəfdən əsas hərbi hədəf olaraq birincisi qeyri-qanuni birləşmələr olacaq. Həmin hərbi birləşmələrin olmaması istəyimizdir. Üçtərəfli bəyanatda da onların burada olmaması göstərilib. Yumşaq güc onların oradan çıxarılması ilə nəticələnməsə, növbəti mərhələdə Azərbaycanın bunu güc vasitəsi ilə etməsi tam hüququdur. Məsələ zamana bağlıdır. “Hərbi əməliyyatlar başlaya bilər, başlana bilməz” məsələsi zamana bağlıdır. Fərrux, “Qisas” əməliyyatlarını, həmçinin 12-13 sentyabr tarixlərində sərhəddə keçirilən əməliyyatı da kimdənsə soruşmadıq.

Qeyri-qanuni silahlı dəstələr Azərbaycan Silahlı Qüvvələrinin hədəfi olacaq. Ermənilər yumşaq gücdən anlamır. Verdikləri mesaj o yöndədir ki, bizimlə sərt güclə danışın.

Ermənilər gücə sahib olmadıqlarının fərqindədirlər. Qeyri-qanuni birləşmələrin tərkibi elədir ki, istənilən halda onları mülkiləşdirə bilirlər. Mülki formanı geyindilərsə, mülki şəxs olurlar. Mülki formanın da altında əməliyyatları başlasaq, istəkləri prosesi soyqırıma, etnik təmizləməyə bağlamaqdır. Bunun Azərbaycan üçün siyasətən əks təsirləri daha çox ola bilər. Ən yaxşı halda onlar cəsarətlənib atəşkəsi pozmaq istəyəcəklərsə, nöqtə atəşləri ilə sıradan çıxarılacaqlar. Bunlar olmalıdır ki, Azərbaycanın hərbi güc tətbiq edə biləcəyini də anlasınlar”.

Səxavət Məmməd

COP29