Dünyada baş verən iqtisadi və sosial gərginliklər, dini qarşıdurmalar yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.
Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur ki, hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir. Ölkəmizdə də tolerantlıq həyat tərzi və xalqın özünüifadə vasitəsi kimi qəbul edilir. Ona görə də Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Məhz buna görə də tarixin heç bir mərhələsində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib.
Bu gün tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Belə ki, ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda keçirilən əksər beynəlxalq tədbirlərdə qloballaşma dövründə tolerantlıq, dinə və inanclara tolerant yanaşma, multikulturalizmin, dinlərarası dialoqun vacibliyi və bu proseslərdə Azərbaycan modeli, ayrı-seçkilik və zorakılığın bütün formaları ilə mübarizədə ölkəmizin təcrübəsi mövzularına daim toxunulur və bu sahələrdə dünyaya bir mesaj verilir. Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə milli azlıqların etnik-mədəni dəyərləri daim qorunur, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür.
Mövzu ilə bağlı politoloq Aqşin Kərimov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dini və milli tolerantlığın dövlət siyasətinin mərkəzində tutulması ölkənin xarici təhdidlərdən qorunması vasitələrindən birinə çevrilib:
“Azərbaycan bunu üç mərhələdə həyata keçirdi.
Birincisi, Azərbaycan dövləti 1990-cu illərdən yaranan vəziyyətdən sui-istifadə edərək ölkəyə ayaq açan yad ideologiyaların, o cümlədən islam və qeyri-islam təmayüllü ideyaların xarakterini, mahiyyətini və hansı maraqlara xidmət etdiyini öyrəndi.
İkincisi, əldə edilən kəşfiyyat məlumatları və hökumət kulislərindəki təhlillərdən yola çıxılaraq yad ideoloji ünsürlərin aradan qaldırılması istiqamətində həlledici tədbirlər görüldü və ölkəyə təhdid yaradan şəbəkələrin işi ifşa lövhəsində yer aldı. Azərbaycan ikinci mərhələni həm güc tətbiq edərək, həm də təbliğat vasitəsilə zərərsizləşdirdi və bu işdə Azərbaycan xalqının tarixdən gələn tolerantlıq, milli-tarixi ənənələri, İslam dininə spesifik baxış tərzi də mühüm rol oynadı. Bəlkə də, təəccüblü səslənər, lakin dərin qatlara enəndə burada sürprizlər axtarmağa dəyməz.
Söhbət bundan gedir ki, yad ideoloji şəbəkələrin iki mərhələ ilə məğlubiyyəti Azərbaycanın Vətən müharibəsindəki qələbəsini şərtləndirən amillərdən biri oldu. Çünki müharibə çoxşaxəli hazırlıq tələb edirdi ki, bunlardan biri Azərbaycan xalqının birləşməsinə maneə yaradan ideolojik halların aradan qaldırılması idi.
Vətən müharibəsindən sonra Azərbaycan üçüncü mərhələni başlatmaq məcburiyyəti ilə üzləşdi. Ona görə ki, postmünaqişə reallıqlarında rəsmi Bakının siyasətinə qarşı dini radikalizm amili qoyulurdu. Özü də bu dəfə qınında gizlənənlər aşkara çıxdı və ağalarının, təlimat sahiblərinin tezislərini meydan oxuyan tərzdə çatdırdılar. Təbii ki, yad ideologiyalar bizim süfrəmizin ruzisi sayılmadığına görə Azərbaycan xalqı yeni cəbhəyə qarşı dirəniş göstərdi və dövlətin aidiyyəti orqanlarının keçirdikləri əməliyyatlar xalqın müqavimətini bir az stimullaşdırdı.
Bütün bunlar göstərdi ki, Azərbaycanda yüz illərdir formalaşan mədəniyyət, qurulan təhlükəsizlik sistemi insanların sarı simini titrədərək möhtəkirlik edən yad ideologiyalara qarşı üsyan etmək potensialına malikdir”.
Gülşən Şərif
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.
www.yenicag.az