“Balansın oğlan uşaqlarının xeyrinə pozulması da gələcək üçün başqa bir böhran vəd edir”.
Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azalıb. 2019-ci ilin ilk dörd ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda, 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9 faiz artıb. Ötən illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub.
Yenicag.az xəbər verir ki, ölkə əhalisinin təbii artımında qeydə alınan azalmanı şərh edən iqtisadçı Samir Əliyev bu tendensiyanın əsasən, koronavirusla əlaqələndirilməsinin mümkünlüyünü bildirib.
İqtisadçının fikrincə, ölüm statistikasının artmasında koronavirusun təsiri qəbul edilsə də, doğum sayında azalmanın pandemiya ilə bağlılığını söyləmək üçün əsas yoxdur:
“Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42 faiz azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirlərini göstərəcək. Ən azı nikahların 25 faiz azalması bunu deməyə əsas verir.
Məlumat üçün bildirim ki, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Balansın oğlan uşaqlarının xeyrinə pozulması da gələcək üçün başqa bir böhran vəd edir. Şad xəbər budur ki, boşanmalar 23 faiz azalıb”.
Gülşən Şərif
www.yenicag.az