!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın gündəminə çevrilən Əlisa Nicat: “Guya Çingiz Abdullayev deyib ki, ona iki yüz manat yardım göstərərik” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Hətta deyirlər ki, mənə Prezident təqaüdü də ayrılıb, amma bu haqda da məlumatım yoxdur”.

Yenicag.az son günlər ağır sosial vəziyyəti səbəbindən diqqət mərkəzinə düşən yazıçı Əlisa Nicatla blits-müsahibəni təqdim edir.

– Əlisa bəy, dünəndən bəri medianın, sosial şəbəkələrin diqqəti sizin üzərinizdədir, sosial durumunuz geniş müzakirə olunur, saysız-hesabsız reaksiyalar verilir. Bu diqqət sizin üçün gözlənilən idi?

– O qədər də yox.

– Niyə? Cəmiyyətdən heç bir gözləntiniz yoxdurmu?

– Yox. Çünki xalqımızın doxsan doqquz faizinin ruhunda, əhvalında deyiləm. Xalqın, bu on milyonun təqribən bir faizi ilə eyni ruhda ola bilərəm. Onsuz da mənim kimilərin çoxunun sonu faciəli qurtarıb. Mən də həyatımın çoxunu yaşamışam. Ömrümün qalan hissəsini də birtəhər yaşayıram. Allah bu məsələdə mənə çox güzəşt edib, çoxundan fərqləndirib. Belə də olur, dünyanın işidir.

– Bu gün yazıçı Anar Sizinlə bağlı deyib ki, Əlisa Nicat yardım üçün Yazıçılar İttifaqına müraciət etməyib…

– Mənə çatdırıldığına görə, guya Çingiz Abdullayev deyib ki, Əlisa müəllim müraciət etsə, biz ona iki yüz manat yardım göstərərik. Dedim, ayıb deyil, qalsın özünə o iki yüz manat. İki yüz manatı neynirəm? Əgər uzunmüddətli bir təqaüd olsa, yenə onu qəbul edə bilərdim.

– Ümumiyyətlə, dövlətdən təqaüd alırsınız?

– İki yüz altmış manat alıram.

– Sizinlə bağlı paylaşımlardan sonra şirkətlərdən, iş adamlarından hansısa yardım üçün müraciət edib?

– Bəzi kanallardan gəlib çəkib gediblər. Ancaq heç yandan rəsmi müraciət edən olmayıb.

– Ancaq bəzi şirkətlərin Sizə yardım etmək istədikləri deyilirdi…

-Mən görməmişəm, bu barədə heç nə bilmirəm. Hətta deyirlər ki, mənə Prezident təqaüdü də ayrılıb, amma bu haqda da məlumatım yoxdur.

– Xalqın 99 faizindən fərqli olduğunuzu düşünürsünüz. Bu fərq nədən yaranıb?

– Bu, təbii şeydir. Soruşurlar ki, Ramiz Rövşəni, Çingiz Abdullayevi cavan qızlar nədən bu qədər sevir? Dedim, çünki səviyyə eynidir. Adam öz səviyyəsinə, ruhuna, düşüncəsinə uyğun olanı sevir, onu xoşlayır. Uyğun gəlməyəni necə sevmək, xoşlamaq olar?

Təsəvvür edin, Nitsşenin Almaniyada əsəri çapdan çıxanda öz imzası ilə dostlarına bağışlamaq üçün yüz kitab ayırır. Ancaq kitabını cəmi dörd nəfərə hədiyyə edə bilib.

– Yazıçı dost-tanışlarınızdan Sizi itirib-axtaran oldumu heç?

– Mənim dostum yoxdur, hamısı dünyadan köçdü. Cəmi bir-iki nəfər qalıb. Vaqif Nəsib, Mövlud Süleymanlı var, sağ olsunlar, onlar da özləri üçün yaşayırlar.

A.Zeynalov

www.yenicag.az

5587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv