!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın hərbi-siyasi diqtəsi və Ermənistan üçün SON ŞANS – İrəvan bundan necə istifadə edəcək? - TƏHLİL

!Reklam – Yazi

Moskva danışıqlarında əldə olunmuş humanitar atəşkəs haqqında razılaşma payiz döyüşləri nəticəsində aldığı sarsıdıcı zərbələrdən iflas həddinə çatan Ermənistanın öz “ölçü”lərinə yığışması üçün son şansdır.

İşğalçı Ermənistanın bu il iyulun 12-də sərhədin Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat nəticəsində təqribən bir həftə davam edən döyüşlərdə Azərbaycandan aldığı cavab İrəvana dərs olmadı. Azərbaycan Ordusunun iyul döyüşlərində endirdiyi ağır zərbələrdən ibrət almayan Ermənistan iki ay yarımdan sonra növbəti təxribata əl ataraq, Qarabağ cəbhəsində genişmiqyaslı müharibənin alovlanmasına, 12 günlük döyüşlərdə özünün darmadağın edilməsinə səbəb oldu.

Tarixə 2020-ci il payız döyüşləri kimi düşən 12 günlük hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü, ən yeni texnologiyalara əsaslanana hərbi texnika və silahlardan səmərəli istifadə bacarığını bütün  dünyaya göstərdi. Eyni zamanda, Ordumuz hərb sənətində bundan sonra geniş istifadə ediləcək effektli taktiki-strateji planlaşdırma qabiliyyti ilə ilə də diqqət mərkəzinə düşdü.

 2016-cı ilin məlum aprel döyüşlərinin gedişində Ordumuz Ermənistanın özü barəsində dünya çağında formalaşdırmağa çalışdığı “məğlubedilməzlik” mifini sabun köpüyü kimi dağıtdı. Ermənistan iyul təxribatının bir səbəbi çirkin geosiyasi amillərə dayanırdısa, digər mühüm səbəbi məhz aprel döyüşləri sayəsində dağıdılan həmin “mif”i yenidən bərpa etmək idi.

O baxımdan, Tovuz döyüşləri zamanı Azərbaycanın təmkinlə davranaraq, Ermənistanın cavabını sadəcə, lokal miqyasda verməsi İrəvan və onun havadarları tərəfindən tamamilə yanlış anlaşıldı. Nəticədə sentyabrın 27-də yeni təxribata əl atan işğalçı Ermənistan son 30 ildə almadığı qədər sarsıdıcı zərbə aldı.

Azərbaycan Ordusu isə sentyabrın 27-dən etibarən başladığı əks-hücum əməliyyatları ilə müasir dönəmdə döyüşlərin necə aparılmasına dair çoxsaylı nümunələr yaratdı. Rusiya, Ukrayna və başqa ölkələrin hərbi ekspertləri Azərbaycanın seçdiyi hərbi taktika əsasında aparılan əməliyyatların son dərəcə düşünülmüş olduğunu, çox dəqiq və səliqə ilə icra edildiyini bildiriblər.

Həmin ekspertlər hətta Azərbaycanın payız döyüşlərində geniş tətbiq etdiyi Pilotsuz Uçuş Aparatlarının  (PUA) imkanlarından maksimum istifadə əsasında əldə edilən uğurlu nəticələrin hərb dərsliklətrinə salınmalı olduğu vurğulayırlar.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının davam etdiyi 12 gün ərzində düşməni uğratdığı texniki itkilərin statistikası işğalçı Ermənistana vurulan zərbəninin, xüsusilə, texnoloji planda üstünlüyümüzün miqyası barədə dəqiq təsəvvür yaradır:

16 komanda məntəqəsi;

196 tank;

38 BM-21;

1 “Uraqan”;

10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”;

36 piyadaların döyüş maşını;

24 artilleriya batareyası;

2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi,

2 “S-300” kompleksinin buraxıcı qurğusu;

25 OSA zenit-raket kompleksi;

2 KUB zenit-raket kompleksi;

4 “Repelend” radio-texniki maneə vasitəsi;

136 top;

56 minaatan;

1 TOS-1A odsaçan sursatı;

2 radiolakasiya stansiyası;

1 “Kalçuqa” anteni.

Döyüşlərin gedişində ermənistan ordusundan götürülmüş qənimətlərin siyahısı da xeyli genişdir:

18 tank;

4 top;

22 piyadaların döyüş maşını;

27 “İqla” kompleksi;

12 minaatan;

4 UAZ maşını;

1 ekskavator;

1 ZİL maşını;

 9 QAZ maşını.

Əlbəttə, bütün bunların fonunda Ermənistana vurulan ən böyük zərbə 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsinin azad edilməsidir. Ordumuzun sürətli əks-hücumları nəticəsində Cəbrayılın rayon mərkəzi və çox sayda kəndi, Hadrut qəsəbəsi və bu rayonun kəndləri, son dərəcə strateji əhəmiyyətə malik Suqovuçşan kəndi və daha bir sıra yaşayış məntəqələri, Murovdağ zirvəsi, hakim yüksəkliklər işğalçılardan təmizlənib.

Payız döyüşlərinin bəlkə də ən əlamətdar məqamı hərbi əməliyyatların başladığı ilk andan etibarən, Azərbaycan cəmiyyətində təmin və bəyan edilən həmrəylik oldu. Xalq bir yumruq kimi birləşərək, Ordumuza dəstək oldu. Bü günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların demək olar, hamısı öz fəaliyyələrini donduraraq, ölkənin ərazi bütövlüyünün bərpası üçün hakimiyyətin yanında oldular.

Azərbaycan Ordusundan bu qədər sarsıdıcı zərbə, xalqımızdan isə belə yüksək səviyyədə həmrəylik gözləməyən Ermənistan isə hərbi məğlubiyyəti fonunda dinc əhalini və yaşayış məntəqələrimizi hədəfə almaqla, özünün faşist xislətini bir daha göstərdi.

Sözsüz ki, payız döyüşlərinin mühüm cəhətlərindən biri də beynəlxalq aləmin hərbi əməliyyatlara reaksiyası oldu. Qardaş Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan edərək, lazım gələrsə, tək siyasi cəbhədə deyil, döyüş meydanında da ölkəmizi dəstəkləyəcəyini qəti şəkildə bildirməsi “Bir millət, iki dövlət” formulunun deklorativ xarakter daşımadığını növbəti dəfə isbatladı. Pakistan da bu savaşda Azərbaycana birmənalı dəstək verməklə, ikitərəfli münasibətlərimizin səmimiliyini bir daha təsdiqlədi. Başda Fransa olmaqla, bir sıra Qərb dövlətlərinin öz amplualarında qalaraq, Ermənistanı müdafiə etmələri isə heç kəsi təəccübləndirmədi.

Qərb dövlətlərinin Ermənistana ənənəvi dəstəyi fonunda Rusiyanın kifayət qədər tərəfsiz mövqe tutması, Ermənistanın bu ölkəni də münaqişəyə cəlb etmək təşəbbüslərinin qarşısını yerindəcə alması rəsmi Moskvanın Qarabağ münaqişəsinin nəhayət ədalətli həllində qərarlı olmasının göstəricisi kimi qiymətləndirilir. Cəbhədə atəşin dayandırılması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirinin Moskvada təşkil olunan görüşündə humanitar atəşkəslə bağlı razılığın əldə edilməsi isə Rusiyanın bu prosesdə oynadığı rolun azalmadığını nümayiş etdirir.

Əldə olunan atəşkəs razılaşması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmasa da, qeyd olunmalıdır ki, bu atəşkəsin hümanitar məqsədlərlə elan edilib və uzun müddət üçün nəzərdə tutulmayıb. Digər tərəfdən, Ermənistan elan edilmiş atəşkəsin qüvvədə olduğu qısa müddət ərzində Azərbaycanın şərtlərinə konkret cavab verməlidir. Əgər İrəvan məlum şərtləri yerinə yetirərsə, bu, onillər boyu davam etmiş qanlı bir münaqişənin sonu demək olacaq. Yox, Ermənistan şərtləri yerinə yetirməsə, bu, yenə də qanlı münaqişənin sonunu yetişdirəcək. Bu dəfə Ermənistanın tam iflası ilə…

Odur ki, Ermənistan rəhbərliyi Azərbaycanın ona verdiyi bu son şansı düzgün dəyərləndirmək məcburiyyətindədir. Əks halda, dünyanın siyasi xəritəsində yer almış süni dövlətlərdən daha biri oradan “silinəcək”…

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv