Bu görüş Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli üçün SON ŞANSDIR - ŞƏRH
“Budapeşt görüşü vəziyyətin diplomatik müstəviyə daşınması üçün son şansdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva dünən Tramp və Putin arasında baş tutan telefon danışığı və Budapeştdə nəzərdə tutulan növbəti görüş haqqında danışarkən bildirib.
O qeyd edib ki, Donald Tramp və Vladimir Putin arasında baş tutan iki saat yarımlıq telefon danışığı ABŞ–Rusiya münasibətlərində gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Trampın Ukraynaya “Tomaqavk” raketlərini vermək niyyəti və bunu birbaşa Putinə bildirməsi, Vaşinqtonun Kiyevə hərbi dəstəyini artırmaqla Moskvanı daha sərt danışıqlara məcbur etmək cəhdi kimi dəyərləndirilə bilər. Lakin Putinin “bu, cəbhədə vəziyyəti dəyişməyəcək” deməsi Kremlin öz mövqeyini qorumaqda israrlı olduğunu göstərir”.
Qarayeva Ukraynanın “Tomaqavk” raketlərini əldə edəcəyi təqdirdə bu raketlərin müharibənin gedişatına mümkün təsirindən bəhs edib:
“Əslində, “Tomaqavk” tipli uzaqmənzilli raketlərin Ukrayna ordusuna verilməsi müharibənin taktiki səviyyəsində müəyyən üstünlüklər yarada bilər, xüsusilə dərinlikdəki Rusiya obyektlərinə zərbələr endirmək imkanını genişləndirə bilər. Amma bu, strateji nəticə baxımından Moskvaya geri çəkilmə məcburiyyəti yaratmayacaq. Rusiya artıq bu ehtimalı nəzərə alaraq hava hücumundan müdafiə sistemlərini gücləndirib, həm də öz raket arsenalını Qərb silahlarının qarşısında balanslaşdırmağa çalışır”.
Politoloq qeyd edib ki, növbəti görüş müharibənin danışıq yolu ilə həlli üçün son şans olacaq:
“Budapeştdə planlaşdırılan növbəti Tramp–Putin görüşü isə vəziyyətin diplomatik müstəviyə daşınması üçün son şanslardan biri kimi görünür. Görüşdə əsas məsələ Ukrayna cəbhəsindəki eskalasiyanın qarşısının alınması və sanksiyaların yumşaldılması mexanizmləri ola bilər. Əgər tərəflər ortaq mövqe tapa bilməsələr, ABŞ və Rusiya münasibətləri “soyuq müharibə sonrası ən gərgin dövrə” qədəm qoya bilər. Belə olan halda, Avropa təhlükəsizlik arxitekturası tamamilə yenidən formalaşa bilər və bu da NATO daxilində yeni hərbi-siyasi düzənə yol aça bilər. Ümumilikdə, bu telefon zəngi və qarşıdakı görüş həm müharibənin, həm də beynəlxalq güc balansının gələcək trayektoriyasını müəyyənləşdirəcək. ABŞ-ın silah dəstəyi davam edərsə, Ukrayna lokal uğurlar əldə edə bilər, amma Moskvanın strateji planlarını dəyişmək çətin olacaq. Bununla belə, Budapeşt görüşü müəyyən dərəcədə diplomatik tonun yumşalmasına və yeni formatlı danışıqlara zəmin yarada bilər.”
Nurlan Cəfəri