Atəşkəs indi daha çox kimə lazımdır - Rusiya, yoxsa Ukraynaya?
“ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra mövcud münaqişələri — Rusiya-Ukrayna və Yaxın Şərqdəki qarşıdurmalarını dayandırmaqla bağlı çoxsaylı vədlər verir, sülhün əldə edilməsi istiqamətində uğura nail olacağına dair fikirlər səsləndirirdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
Ekspert bildirib ki, ABŞ lideri Yaxın Şərqdən əvvəl Rusiya–Ukrayna müharibəsini dayandırmağı planlasa da, bu, alınmadı:
“Düzdür, Yaxın Şərqdə proses yekunlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə Misirdə dünya liderlərinin Zirvə görüşü keçirildi və Qəzzada silahlar susduruldu. Bunu tam şəkildə sülh adlandırmaq olmaz, amma ümumilikdə humanitar və insan fəlakətinin qarşısı alındı. ABŞ lideri hakimiyyətə gəldikdən sonra ilk növbədə Rusiya–Ukrayna müharibəsini bitirməyə çalışsa da, bu, mümkün olmadı. O, diqqətini Qəzza məsələsinə yönəltdi və proses dayandırıldı. Bu problemin həllindən sonra Trampın Rusiya–Ukrayna müharibəsi istiqamətində də addımlar atacağı gözlənilən idi. Avqustda Alyaskada Trampla Putin arasında görüş keçirildi və ABŞ lideri anladı ki, Rusiya ilə yaxın perspektivdə atəşkəs əldə edilməsi mümkün olmayacaq”.
X.Bəşirov əlavə ki, Donald Tramp bu müharibədə də atəşkəsə nail olmağa çalışır:
“Tramp atəşkəsə nail olub bunu sülh kimi öz adına təqdim etmək istəyir. Düşünürəm ki, istəyinə nail olmaq üçün əlindən gələni edəcək. Bu baxımdan Rusiynın müəyyən təkliflərini də qəbul edə bilər. Tərəflər arasında ilk görüş Alyaskada baş tutsa da, növbəti ünvan Macarıstan olacaq. Baş nazir Viktor Orbanın həm Vladimir Putin, həm də Donald Trampla şəxsi münasibətləri yaxşıdır. Burada keçiriləcək görüş atəşkəs üçün müəyyən ümidlər yarada bilər. Həmçinin bu məsələyə görə Donald Tramp “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi məsələsini uzadır. Bundan başqa, ABŞ-də hazırda hökumət fəaliyyətini dayandırıb — şatdaun vəziyyətidir. Büdcə qanununun qəbul edilməməsi səbəbindən oktyabrın 1-dən sözügedən hal davam edir. Bu fonda da raketlərin rəsmi Kiyevə verilməsi çətin görünür”.
Politoloqun sözlərinə görə, Ağ Ev lideri indiki hadisələr fonunda həm rus, həm də ukraynalı həmkarı ilə görüşlər keçirmək istəyir:
“Tramp bununla da özünün sülhpərvər dünya lideri keyfiyyətini ortaya qoymağa çalışır. Çünki Avropa liderləri həm Putin, həm də Zelenski ilə bir araya gələ bilmir. Hər bir halda, ümid edirik ki, Macarıstandakı görüşdən ən azı hansısa nəticə çıxacaq. Qarşıdan qış ayları gəlir. Bu vəziyyətdə Ukrayna üçün müharibə aparmaq çətin olacaq. Qışda ordunun manevr imkanları məhdudlaşır. Xüsusən onu da əlavə etmək lazımdır ki, rəsmi Kiyev silah çatışmazlığından əziyyət çəkir. Həmçinin Ukrayna tərəfindən xeyli sayda mülki şəxs həlak olur. İndiki mərhələdə əldə olunacaq atəşkəs, gələcək sülh danışıqları üçün əhəmiyyətli hesab oluna bilər”.
Məlik Məlikov