“Ölkəmiz son bir neçə il ərzində Dünya Bankının reytinqində təqribən 40 pillə irəliləyərək, öz mövqeyini daha da möhkəmləndirib”.
Bunu Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 2 faiz azalmasına münasibət bildirən Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.
Asif İbrahimovun sözlərinə görə, investisiya qoyuluşunun azalması yalnız Azərbaycanda deyil, əksər ölkələrdə qeydə alınıb:
“Hər hansı xarici investor sərmayə yatırmazdan öncə iş quracağı ölkənin beynəlxalq reytinqlərini nəzərə alır. Ən mötəbər reytinqlərdən biri də Dünya Bankının builki biznes reytinqidir.
Azərbaycan son bir neçə il ərzində bu reytinqdə təqribən 40 pillə irəliləyərək, öz mövqeyini daha da möhkəmləndirib. Bu isə o deməkdir ki, ölkəmizdə sərmayə yatırılması üçün münbit şərait var.
İnvestisiya qoyuluşu üçün nəzərdə tutulan kriteriyalarda ölkədəki məhkəmə-hüquq sisteminin vəziyyəti, aparılan islahatlar, lisenziyaların verilməsi və digər məsələlər xüsusi yer tutur.
Əgər bu istiqamətlər üzrə irəliləyişlər varsa, həmin ölkələr üstünlük qazanırlar. Bu baxımdan, Azərbaycanda investisiya qoyuluşu ilə bağlı hər hansı problem yoxdur və bu, beynəlxalq səviyyədə öz təsdiqini tapıb.
Lakin müharibə şəraiti və bütün dünyada tüğyan edən koronavirus pandemiyası fonunda investisiya qoyuluşu müəyyən təsirlərə məruz qalb. İnvestisiya qoyuluşunun azalması təkcə Azərbaycanda deyil, bir çox ölkələr üçün də xarakterikdir.
Belə ki, dünya iqtisadiyyatında avtomobil və digər istehsal sahələrində geriləmə var. Ümumilikdə 1-2 fazilik azalma ümumi miqyasda öz təsirini göstərmir. Azərbaycan da müxtəlif transmilli layihələrin iştirakçısıdır və onlardan əldə edilən gəlirlər uzunmüddətli şəkildə planlaşdırılıb”.
Gülşən Şərif
www.yenicag.az