!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Qaraçı məskənindən reportaj - Yevlaxın zilanı məhəllələrində nələr baş verir? - I Yazı

!Reklam – Yazi

Yevlax Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.

Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd var.

Coğrafi mövqeyinə görə Yevlax Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşir.

Yevlax rayonu dedikdə hər birimizin ağlına nədənsə qaraçılar gəlir. Hətta qaraçı olmayan bir yexlaxlıya belə zarafatla “Yevlax qaraçısı” deyirik.

Yevlax rayonunda məskunlaşmış dilənçilər qaraçılardırmı? Bu sualın cavabı ilə bir qədər sonra tanış olacağıq.

Yevlax rayonuna qaraçılarla reportaj etmək üçün getmişdik. Rayonda özümüzə bir bələdçi tapdıq. Niyyətimizi deyən kimi bələdçinin sözü belə olur: birdən onlara qaraçı deyərsiniz ha. Əgər onlara elə müraciət etsəniz problemlə üzləşəcəksiniz. Onlar kürddürlər. Müraciət edəndə də, kürd kimi müraciət edin.

Beləliklə, artıq ilk dəqiqədən fərqli məsələlərlə qarşılaşacağımızı anlayırıq.

Əvvəldən planlaşdırdığımız kimi, planlara doğru hərəkət edirik. Planlar əslində məhlələrdir, hər məhlənin də rəsmi adı var. Sadəcə, sovet dövründən məhlələrə planlar deyiblər deyə, hələ də məhləni plan kimi tanıyırlar. Məhəllələr rəqəmlərlə 1-ci, 2-ci…7-ci plan adlanır.

İlk olaraq 5-ci planın ərazisinə gedirik. Məhləyə girər-girməz diqqətlərin üzərimizə yönəldiyini görürük. Planın ortasına çatanda ətrafımıza yığışırlar. İlk soruşduqları “haradan gəlmisiniz” sualı olur. Hətta “Türkiyədən gəlmisiniz” sualını sərt şəkildə verirlər. Şəxsiyyət vəsiqəsini göstərdikdən sonra sakitlik çökür. Sual atəşinə tutuluruq: “Niyə gəlmisiniz, nəyi çəkirsiniz, kim göndərib?”

“Kürdlərin buraya gəlişini, adət-ənənəsini…” deyirdik ki, sözümüz ağzımızda qalır. Gənclərdən biri “onlar boş şeylərdir, gəlin sizə dindən, Qurandan danışaq” deyir.

İnsanlarla bir qədər söhbət etdikdən sonra önə doğru gedirik. Planın qurtaracağında ən sonuncu evin qarşısında dayanmış ağbirçək bir qadına yaxınlaşırıq. Danışmaqdan boyun qaçırır. Sonradan məlum olur ki, qadının 2 oğlu ailəsi ilə birlikdə Suriyaya gedərək, orada ölüb.

Gün ərzində planları bir-bir gəzdik. Hər plan bir-birindən tamamilə fərqlənir. Biri dindar, digəri davakar, bir başqası isə son dərəcə mədəni.

Əslində bütün planlarda kürdlər yaşamırlar. Kürdlər hər planın axırında məskunlaşıblar. Planların əvvəli yerli camaat, yarıdan sonra isə bu kürdlərə məxsusdur.

Ağsaqqallarla söhbət zamanı bildirirlər ki, onlar Zilan kürdləridir. Ötən əsrin 50-ci illərindən buraya köç ediblər. Əvvəlcə Qazaxıstan, Özbəkistan, sonra isə Azərbaycana gəliblər. Ancaq hələ də Qazaxıstanda, Rusiyada və Türkiyədə yaşayan qohumları var. Maraqlı cəhət ondan ibarətdir ki, Yevlaxda yaşayan demək olar ki, hər bir kürd azı 3-4 dil bilir. Bir çoxları azərbaycan, kürd, rus, ərəb, fars, gürcü dillərinə yiyələniblər.

Qaraçı məsələsinə gəldikdə isə, buna birmənalı olaraq qarşı çıxırlar. Planlarda yaşayanların demək olar ki, çoxu dilənmir. Dilənçiliyin Qarxunda yaşayanlara aid olduğunu deyirlər. Qarxunda yaşayanlar kimlərdir? Özlərinin də dediyi kimi, onlar da zilanı kürdləridir. Çoxları bir-biriləri ilə qohumdur, ancaq onları özlərindən hesab etmirlər. İddia edirlər ki, orada yaşayanlar mədəni cəhətdən inkişaf etməyiblər və onların adlarını batırırlar.

Qaraçıların Hindistandan gəlmələri, onların Yevlaxda məskunlaşmaları isə sən demə, utopiya imiş.

Ailələrlə tanış olduqca, çoxuşaqlılığın və erkən nikahın üstünlük təşkil etdiyini görürük. 35 yaşlı İlqar deyir ki, “6 uşağım var, biri də gəlir, kökümə bərəkət”.

Yevlaxda yaşayan zilanı kürdlər son dönəmlərə qədər başqa millətə qız verməyiblər. Çox az hallarda gedənlər isə qaçıb ailə quranlardır. Hazırda yenə də yerli camaat elçi gələndə qız vermədiklərini deyirlər. Qız yalnız qaça bilər. Özləri də çalışırlar ki, kənardan qız almasınlar. Tayfada qız uşaqlarının sayları çox az olduğu üçün məcburən oğlanlar yerli camaatdan qız alır.

Toy adətləri də Azərbaycan toylarından bir xeyli fərqlənir. Özləri musiqiçilər gətirir və toylarda saatlarla yallı oynanılır.

İlk gün üçün informasiya təbii ki, çox az idi. Buna görə qərar veririk ki, bir neçə günümüzü onlarla bir yerdə keçirək və belə də edirik. 10 günə yaxın Yevlaxda, planlarda qaldıqdan sonra nələrisə öyrənə bilirik.

Təhsil? Təhsilə münasibət bir sözlə bərbaddır. Qızlar ibtidai sinifdən sonra demək olar ki, məktəbə getmirlər, oğlanlar da elə eyni qaydada.

Bundan sonrakı yazılarda müşahidələrimiz, gördüklərimiz, müsahibələrimizlə tanış olacaqsınız.

Səxavət Məmməd

www.yenicag.az

17938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv