Azərbaycanın region layihələrində ƏSAS ROLU: “İrəvan əməkdaşlığa məcburdur”
“Ermənistan hazırda fakt qarşısında qalıb, reallığı görür. İstər səmimi, istərsə də qeyri-səmimi, nəticə dəyişmir, tək çıxış yolu budur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Ermənistanın Azərbaycanın daha bir meqa layihəsinə qoşulmaq istəyi barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, Ermənistanın xarici borcu 60%-i keçib və onun bu vəziyyəti qaydaya salacaq resursları yoxdur:
“Ermənistanın yeganə çıxış yolu Azərbaycanın regionda həyata keçirdiyi layihələrdə iştirak etməkdir. Nəticədə isə öz iqtisadiyyatını müəyyən qədər qoruya bilər. Əlbəttə, Ermənistan cəmiyyətində bu məsələni təhlil edirlər, amma böyük bir təhlilə ehtiyac yoxdur. Çünki açıq məsələdən söhbət gedir. İrəvan yaxşı anlayır ki, çıxış yolu və gələcək inkişafı başqa cür təmin etmək mümkün deyil. Ona görə də Azərbaycanın tələbləri və sülh addımları ilə əməkdaşlığa məcburdur”.
“Digər tərəfdən, artıq Zəngəzur dəhlizinin ABŞ tərəfindən fəaliyyətə başlaması istiqamətində addımlar atılır. Ermənistan hazırda fakt qarşısında qalıb, reallığı görür. İstər səmimi, istərsə də qeyri-səmimi, nəticə dəyişmir, tək çıxış yolu budur”, – deyə deputat fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistan, Qara dənizin dibi ilə Azərbaycan və Rumıniyanı Gürcüstan vasitəsilə birləşdirən, sonradan Macarıstanın da daxil olduğu enerji kabelinin çəkilməsi layihəsində iştirakının məqbul formatı barədə qərar qəbul edib.
Nəsimi Ələsgərli