Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 23-də Xaçmaz şəhərində yerləşən Peşə Liseyində növbəti ictimai müzakirə keçirib. İctimai müzakirə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” adlı layihəsi çərçivəsində baş tutub.
Layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov tədbiri giriş sözü ilə açaraq layihə barədə məlumat verib.
X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Xaçmaz, Xaçmaz, Xaçmaz, rayonlarında həyata keçirilir. Layihə rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan hazırda da bu ənənələrə sadiqdir. Bu layihənin əsas məqsədi məhz belə bir şəraitdə davamlı olaraq ölkə daxilində dinlərarası dialoqun təbliğinə xidmət edən maarifçilik tədbirlərini təşkil etməkdən ibarətdir.
Tədbirdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı mövzu ilə bağlı məruzə edib. O, çıxışında Azərbaycan xalqının çoxəsrlik tolerantlıq ənənələrindən söz açıb. Z.Bayramlı bildirib ki, ölkəmizdə tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayıb. Azərbaycan dövləti də yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub və bu gündə belədir: “Azərbaycanda tarixən tolerant cəmiyyətin mövcud olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb”.
Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov çıxışı zamanı qeyd edib ki, Azərbaycanın tolerantlıq və multikultural ənənələri dünyaya bir nümunədir. Bu gün respublikamız bütün dünyada tolerant ölkə kimi tanınır. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Onun sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm dəyərləri, respublikamızda mövcud dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafı və təbliği ən yüksək səviyyədədir. “Xaçmaz rayonu da etnik tərkibinə görə Azərbaycanın ən zəngin bölgəsidir və bu ərazidə yaşayan bütün millətlər, etnoslar dostluq və qardaşlıq prinsipi ilə yaşayırlar. “Biz bu zənginliyimizlə fəxr edirik”-deyə T.Didarov çıxışında bildirib.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli çıxışında bildirib ki, Xaçmaz rayonu tarixən Azərbaycanda tolerantlıq və multikulturalizm ənənərini yaşadan, qoruyan bölgələrdəndir. Bu bölgədə əsrlər boyu bütün etnoslar qardaş kimi yaşayıblar.
Tədbirdə digər çıxış edənlər də Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.
www.yenicag.az