Azərbaycanın ZƏFƏR DİPLOMATİYASI: Qələbədən qlobal TƏSİRƏ DOĞRU
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaradaraq ölkənin beynəlxalq münasibətlərində əsaslı dəyişikliklərə yol açıb. Bu Zəfər sayəsində rəsmi Bakı artıq regional və qlobal miqyasda daha qətiyyətli və təsirli bir aktora çevrilib, beynəlxalq hüququ öz gücü ilə bərpa etdiyini nümayiş etdirib. Qələbə həm strateji tərəfdaşlıqları xüsusilə Türkiyə ilə dərinləşdirir, həm də Zəngəzur dəhlizi kimi kommunikasiya layihələri vasitəsilə Azərbaycanı Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzinə çevirərək yeni iqtisadi və siyasi perspektivlər vəd edir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, müharibədə qazanılan hərbi-siyasi uğur Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət kimi mövqeyini daha da möhkəmləndirdi:
“Azərbaycan bu gün regional proseslərdə daha müstəqil və təsirli şəkildə çıxış edir. Müharibə dövründə və ondan sonrakı mərhələdə Türkiyə ilə əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəldi. Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasında strateji tərəfdaşlığı rəsmi şəkildə təsbit etdi”.

Naqif Həmzəyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ilə əsas ərazinin birbaşa nəqliyyat əlaqəsinin yaradılması Azərbaycanın tranzit mərkəzinə çevrilməsinə şərait yaradacaq:
“Bu layihə Türkiyə Mərkəzi Asiya əlaqələrində Azərbaycanın açar rolunu daha da gücləndirəcək. Ölkəmiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində əhəmiyyətli mövqeyə malikdir”.
Deputat həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın qaz ixracatçısı kimi rolu daha da artıb və Avropa İttifaqı ölkələri ilə enerji əməkdaşlığı genişlənib.
“Azərbaycan bu gün Rusiya, İran, Qərb dövlətləri və region ölkələri ilə balanslı siyasət yürütməklə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Qələbədən sonra ölkəmiz beynəlxalq platformalarda daha əmin və təşəbbüskar çıxış edir”.
Deputat əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası beynəlxalq şirkətlər və investorlar üçün yeni imkanlar açır. Onun fikrincə, bu perspektivlərin uğurlu reallaşdırılması üçün effektiv diplomatiya və dayanıqlı iqtisadi siyasət xüsusi əhəmiyyət daşıyır.
Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, 44 günlük Vətən Müharibəsi nəticəsində formalaşan yeni geosiyasi reallıqlar Cənubi Qafqazda köklü dəyişikliklərə səbəb olub.
Onun sözlərinə görə, Azərbaycanın Qələbəsi bölgədə 30 il ərzində mövcud olan məğlubiyyət əsaslı münasibətlər sistemini tamamilə dağıdıb:
“İlk növbədə Qafqazdakı məğlubiyyət əsaslı münasibətlər sistemi parçalandı. 30 il ərzində formalaşmış bir nizam var idi. Düzdür, bu məğlubiyyət nizamı idi, amma cənab Prezidentin də qeyd etdiyi kimi, həmin nizam müharibədən sonra dəyişdi. Biz Qələbə ilə yeni münasibətlər sisteminin əsasını qoyduq. Bu dəyişiklik nəticəsində bölgədə bir güc boşluğu yarandı, ardınca isə Rusiyanın və İranın təsir imkanları zəiflədi”.

Politoloq qeyd edib ki, həmin mərhələdən sonra Cənubi Qafqazda beynəlxalq aktorlar dəyişməyə başladı:
“2020-ci ilin avqust ayından etibarən ABŞ rəhbərliyinin iştirakı ilə Zəngəzur dəhlizi və sülh perspektivləri məsələləri gündəmə gəldi. Bu proses bölgədə yeni oyunçuların meydana çıxmasına səbəb oldu. Böyük ölçüdə Zəngəzur dəhlizi anlayışı beynəlxalq siyasi ədəbiyyata daxil edildi”.
Əziz Əlibəyli vurğulayıb ki, 44 günlük müharibə yalnız regional deyil, həm də qlobal səviyyədə mühüm nəticələr doğurdu:
“Uzun illər davam edən münaqişənin nəticələri Qafqaz regionuna dünyanın digər ölkələrinin də marağını artırdı. Çin “Bir kəmər, bir yol” layihəsini məhz bu region üzərindən keçirmək qərarına gəldi. Eyni zamanda, COVID-19 pandemiyasından sonra beynəlxalq nizamda gərginlik artarkən Azərbaycan öz torpaqlarını azad etməklə beynəlxalq hüquqa böyük töhfə verdi”.
Politoloqun fikrincə, Azərbaycanın qazandığı Qələbə ölkənin beynəlxalq nüfuzunu və diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib:
“COP29 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi də təsadüfi deyil. Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş və regional lider kimi qəbul edilməsinin göstəricisidir”, – deyə Əziz Quliyev əlavə edib.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
Məsimə Məmmədova












