"Azərbaycanla İtaliyanın səmərəli əməkdaşlığı beynəlxalq münasibətlərdə örnək ola bilər" - DEPUTAT
Azərbaycan-İtaliya strateji tərəfdaşlığı modeli digər regionlar üçün də nümunə ola bilər və beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq xəritəsinin formalaşmasına təkan verəcək.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər yalnız coğrafi yaxınlıqdan deyil, siyasi iradədən, qarşılıqlı inamdan və ortaq maraqlardan asılı olduğunu sübut edir:
“Bütövlükdə Azərbaycan-İtaliya münasibətləri enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, təhsil və humanitar inteqrasiya, eləcə də Avropa İttifaqı ilə əlaqələrdə qarşılıqlı dəstək əsasında çoxşaxəli və dayanıqlı strateji tərəfdaşlıq modelinə çevrilib. Siyasi təhlillər göstərir ki, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm ikitərəfli, həm də regional və qlobal səviyyədə sabitlik və inkişaf üçün nümunəvi model kimi çıxış edir”, – deyə o, fikrini tamamlayıb.
Deputat vurğulayıb ki, bütün bunlar göstərir ki, coğrafi baxımdan uzaq yerləşən ölkələrin bu qədər səmərəli əməkdaşlıq etməsi beynəlxalq münasibətlərdə örnək ola bilər:
“Roma uzun illərdir Azərbaycanın Avropa ilə yaxınlaşmasına dəstək verir və hazırda münasibətlərdə müsbət dinamikanın müşahidə olunması Azərbaycanın Aİ üçün strateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa İttifaqı ilə əlaqələrdə müsbətə doğru addımlar atılması həm Azərbaycanın maraqlarına uyğundur, həm də Avropa üçün yeni əməkdaşlıq imkanları yaradır. İtaliya burada vasitəçi və dəstəkçi kimi çıxış edərək, həm Bakının Avropa ilə əlaqələrini möhkəmləndirir, həm də özünün Qərbdəki mövqelərini gücləndirir”.
Məlik Məlikov