Yeganə Hacıyeva: “Yeni media modelinin effektivliyi intellektual potensial və strateji idarəetmədən asılıdır”

media-hightechnic-468x90

“Qarşıdakı mərhələnin taleyi strukturun adından və ya təşkilati formasından daha çox, onun daxilində cəmləşəcək intellektual potensialın səviyyəsindən və strateji baxışın keyfiyyətindən asılı olacaq.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

Şura üzvü Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bir qurum ətrafında birləşməsi haqqında qərarı şərh edib:

“Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Vahid Media və Yayım Şurasının yaradılmasını media idarəçiliyinin yeni mərhələsinə keçid kimi dəyərləndirə bilərik. Ənənəvi media sərhədləri faktiki olaraq aradan qalxıb; əvvəllər televiziya, radio, çap və internet mediası ayrı-ayrı sahələr hesab olunurdu. Hazırda bütün bu platformalar vahid informasiya ekosistemində fəaliyyət göstərir”.

Y.Hacıyeva fərqli media resurslarının fərqli qurumlar tərəfindən idarə olunmasının qeyri-effektiv olduğunu və bundan sonrakı dövrdə şəffaflığın təmin olunması ilə bağlı daha konkret işlər görülə biləcəyini bildirib:

“Televiziya kanalları rəqəmsal yayım həyata keçirir, xəbər portalları video kontent istehsal edir, sosial media isə həm klassik, həm də rəqəmsal medianın funksiyalarını öz üzərinə götürüb. Belə şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı qurumlar tərəfindən idarə olunması ən azı effektiv deyil. Vahid tənzimləyici institut media siyasətinin daha sistemli həyata keçirilməsinə imkan yarada bilər. Hazırda media sektorunda dövlət siyasətinin formalaşdırılması, dəstək mexanizmlərinin tətbiqi və tənzimləmə funksiyaları müxtəlif strukturlar arasında bölünüb.

Bu isə çox hallarda səlahiyyətlərin toqquşması, qərarların qəbulunda vaxt itkisi və resursların təkrarlanmasına səbəb olur. Vahid qurum isə qərarvermə prosesini sürətləndirə, idarəetmə xərclərini azalda və dövlət resurslarının daha səmərəli istifadəsini təmin edə bilər. Rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyi; medianın inkişafı, peşəkar jurnalistikanın təşviqi, audiovizual məkanın tənzimlənməsi məsələləri ilə sıx bağlıdır. Əlbəttə, yeni media modelinin uğuru təkcə institusional yenidənqurma və ya struktur dəyişikliklərinin miqyası ilə ölçülməyəcək. Bu prosesin real nəticələri ilk növbədə yeni kommunikasiya ekosisteminin mahiyyətini, rəqəmsal transformasiyanın təbəqələrini və cari media istehlakının dəyişən dinamikasını dərindən anlayan peşəkar insan kapitalının formalaşdırılmasından birbaşa asılı olacaq.

Söhbət yalnız nəzəri biliklərə malik idarəçilərdən deyil, qlobal media transformasiyalarını praktik müstəvidə müşahidə edə bilən, rəqəmsal medianın iş prinsiplərini, texnoloji çağırışlarını və gələcək inkişaf trayektoriyalarını idarəetmə qərarlarına çevirmək qabiliyyətinə malik şəxslərdən gedir. Çünki yeni media arxitekturasının effektivliyi qəbul edilən qərarların sayında deyil, həmin qərarların zamanın tələblərinə nə dərəcədə adekvat cavab verməsində özünü göstərəcək. Bu baxımdan qarşıdakı mərhələnin taleyi strukturun adından və ya təşkilati formasından daha çox, onun daxilində cəmləşəcək intellektual potensialın səviyyəsindən və strateji baxışın keyfiyyətindən asılı olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05