SİMDNX növbəti nəzarət tədbiri keçirib - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib.
SİMDNX tərəfindən verilən məlumata görə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə Sumqayıtçay çayına axıdılması faktına rast gəlinib.
Müəssisə tərəfindən tullantı sularının təmizlənmə prosesindən keçərək axıdıldığı bildirilsə də ərazidə müşahidə olunan kəskin iy-qoxu və tullantı suyunun vizual görünüşü suların heç bir təmizlənmə prosesindən keçməməsinə əsaslı şübhələr yaradır. Axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülmüş və faktla bağlı tərəfimizdən inzibati araşdırma başlanılıb.
İnzibati araşdırmanın yekununda iş üzrə materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəkdir.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müəssisə və təşkilatları fəaliyyətləri nəticəsində formalaşan tullantı sularını mövcud qanunvericiliyin tələblərinə uyğun idarə etməyə çağırır və vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.