Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılır.
Yenicag.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-na qədər hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.
www.yenicag.az