Bakıda “Ağıllı” svetofor dövrü: Tıxacları bitirəcək, yoxsa sadəcə görüntü dəyişir? — EKSPERTDƏN AÇIQLAMA
Paytaxt yollarında quraşdırılan rəqəmsal svetoforlar ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilib. Bu sistem həqiqətənmi nəqliyyat xaosuna son qoyacaq?
Yenicag.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov yeni sistemin real effektivliyi və ənənəvi svetoforlardan fərqi barədə danışıb.

Ekspert bildirib ki, “ağıllı” sistemlər nəqliyyat axınını real vaxt rejimində izləmək qabiliyyətinə malikdir:
“Əvvəlcədən müəyyən edilmiş zaman intervalı ilə işləyən köhnə svetoforların əksinə, bu müasir sistemlər sensorlar, radarlar və kameralar vasitəsilə avtomobillərin sayını, sürətini və sıxlığını daimi monitorinq edir. Ağıllı svetoforlar süni intellekt alqoritmlərindən istifadə edərək yaşıl işığın müddətini ehtiyaca uyğun tənzimləyir, nəqliyyatın hərəkət ardıcıllığını daha effektiv müəyyənləşdirir”.
Ekspert vurğulayıb ki, sistemin quraşdırılması hələ hər şeyin həlli demək deyil:
“Bu sistemlərin əsas üstünlüyü avtomobil axınının optimallaşdırılması və piyadaların təhlükəsizliyidir. Amma bu o demək deyil ki, ağıllı svetoforlar quraşdırılan kimi dərhal sıxlıq tam aradan qalxacaq. Bunun üçün yol infrastrukturu bütövlükdə bu tələblərə cavab verməli, hərəkət iştirakçıları qaydalara əməl etməlidirlər”.
Eldəniz Cəfərov sistemin həm də sürücülərin büdcəsinə və ekologiyaya xidmət etdiyini qeyd edib:
“Tıxac azalırsa, avtomobillər yolda daha az vaxt sərf edir və yanacaq sərfiyyatı aşağı düşür. Bu, həm sürücülərin büdcəsinə müsbət təsir göstərir, həm də atmosferə atılan zərərli qazların miqdarını azaldır. Sıxlığın azalması ekoloji vəziyyətin yaxşılaşmasına birbaşa xidmət edir”.
Samir Məcid













