“Paytaxtın daşınmaz əmlak bazarında yenidən qiymət artımları müşahidə olunur ki, bu, həm mövsüm, həm də digər səbəbərlə bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “FM Consulting” şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənov söyləyib.
Onun sözlərinə görə, təkcə mənzillərin satışı deyil, kirayə bazarında da qiymət artımları qeydə alınır: “Yaşayış binalarına tələb artır. Bakıda evlərin satış və kirayə qiymətlərinin artmasının bir neçə əsas səbəbi var. Son illərdə paytaxt əhalisinin sayının sürətlə çoxalması yaşayış binalarına olan tələbi yüksəldir. Tələbin çox olduğu şəraitdə təklif kifayət qədər deyil, bu da qiymətlərin artmasına səbəb olub. İnşaat sektorunda istifadə edilən materialların, xüsusilə idxal olunan məhsulların qiymətləri dünya bazarında da yüksəlib. Nəticədə mənzillərin də dəyəri artır. Çünki inşaat şirkətləri yüksək xərcləri satış qiymətlərində əks etdirir. İnflyasiya prosesi də əmlak bazarına təsir göstərir. Daha bir vacib səbəb isə, insanların öz vəsaitlərini risklərdən qorunmaq və ya gəlir əldə üçün daşınmaz əmlakı sərmayə vasitəsi kimi qəbul etməsidir. Bu da əmlak alqı-satqısında aktivliyi artırır və qiymətlərin yüksəlməsinə səbəb olur. Paytaxtda aparılan irimiqyaslı infrastruktur layihələri qiymət artımını şərtləndirən əsas amillərdən biridir. İnfrastruktur layihələri həmin əraziləri daha cazibədar edir və mənzillərin dəyərini artırır”.
Ekspert qeyd edir ki, koronavirus pandemiyası dövründə tikinti layihələrinin yavaşlaması və sonrakı dövrdə bərpa olunması ilə tikinti sektoru sürətlə qiymət artımları dövrünə qədəm qoyub: “Pandemiya müddətində dayanmış layihələr bərpa edildikdən sonra, tələbin artması qiymətlərə təsir göstərdi. Bakıda bəzi yerlərdə boş torpaq sahələrinin azlığı, yeni layihələrin sayının azalmasına səbəb olur. Bu isə artıq mövcud olan evlərin qiymətinə təzyiq yaradır. Bütün bu amillər birlikdə Bakıda mənzil bazarında davamlı qiymət artımına yol açır. Nəzərə alsaq ki, istehlak qiymətləri indeksində də artım mövcuddur, bu da prosesə təsir edən mühüm məqamlardan biridir. Sentyabr ayında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən nisbətən 105 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 102 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz təşkil edib. Ötən aya nisbətdə isə istehlak qiymətləri indeksi 101 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102 faiz olub” – Həsənov vurğulayır.
Əlavə edir ki, daşınmaz əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir: “Əhalinin artımı və urbanizasiya, inflyasiya səviyyəsi və ölkəmizin maliyyə vəziyyəti, inşaat sektorunda canlanma, dünya iqtisadiyyatının təsirləri və nəticədə idxal məhsullarının bahalaşması, infrastruktur layihələri, uzunmüddətli sərmayə vasitəsi olaraq daşınmaz əmlaka olan yatırımlar qiymətləri artıran faktorlar qismində çıxış edir. Görünən odur ki, qeyd olunan istiqamətlərdə vəziyyət daşınmaz əmlak bazarında yenidən qiymət artımlarını şərtləndirəcək” – deyə, ekspert fikrini yekunlaşdırır.
Yenicag.az
www.yenicag.az