Bakıda futbol məktəbi açılır
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun rəsmi Telekommunikasiya və Yayım tərəfdaşı olan “Bakcell” şirkəti ilə əməkdaşlıq edəcək
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu arasında “Bakcell” şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılacağını elan edir.
İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 – (2006 və 2007-ci il təvəllüdlü) – 16 uşaq
2) U10/U11 – (2004 və 2005-ci il təvəllüdlü) – 16 uşaq
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcəkdir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaqdır (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçilməsi 23 sentyabr tarixində “Bayıl Arena” stadionunda keçiriləcəkdir. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaqdır.
Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:
Ramin Həsənov: Tel: +994 55 511 20 80 E-poçt: [email protected]
Kifayət Osmanova: +994 55 511 70 72 E-poçt: [email protected]
AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev: “”Bakcell” şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.
“Bakcell” şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer “Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında “Mançester Yunayted” klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, “Bakcell” şirkəti ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mançester Yunayted Futbol Məktəbinin regionda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlaması ölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir. Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan “Bakcell” şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir” deyə bildirib.
AFFA 1992-ci ildə təsis edilib. Təşkilat 1994-cü ildən FİFA-nın və UEFA-nın üzvüdür. AFFA-nın vəzifələrinə Azərbaycan Respublikasında futbolu kompleks şəkildə inkişaf etdirmək, yarışların təşkilinə nəzarət etmək və onları tənzimləmək, futbolla bağlı beynəlxalq idman əlaqələrini təkmilləşdirmək, beynəlxalq yarışlarda və oyunlarda Azərbaycan futbolunu təmsil etmək, habelə milli və beynəlxalq səviyyədə keçirilən yarışları təşkil etmək daxildir və AFFA bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməkdədir.
Azərbaycanda futbolun inkişaf etdirilməsini qarşıya məqsəd qoyaraq, AFFA bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq etməkdədir. Belə şirkətlərdən biri də milli futbol komandamızın sponsoru olan Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətidir. 17 dekabr 2013-cü ildə AFFA və “Bakcell” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qarşılıqlı əməkdaşlıq futbolun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunmuş stadiona “Bakcell Arena” adı verilib. AFFA-nın U-17 Liqasının oyunları “Bakcell U-17” adı altında keçirilir. “Bakcell-lə Futbol” layihəsi çərçivəsində isə uşaq futbolunun inkişafına yönəlmiş xeyli işlər görülüb.
AFFA və “Bakcell” şirkəti arasında imzalanmış birgə tərəfdaşlıq müqaviləsi çərçivəsində ölkənin bütün bölgələrindən seçilmiş 64 uşaq Bakıdakı Mançester Yunayted Futbol Məktəbində keçirilən məşqlərdə iştirak ediblər.
Xüsusi bacarıqları ilə fərqlənmiş uşaqlar (2013-cü ildə 6 uşaq və bu il 5 uşaq) Mançester şəhərində fəaliyyət göstərən Denston Kollecində təşkil olunmuş Mançester Yunayted Futbol Məktəbində iştirak etmişlər. AFFA və “Bakcell” şirkəti müştərək fəaliyyətlərini futbolun inkişafı naminə davam etdirməkdədirlər.