Yeni avrokubok mövsümü başlayır: Təmsilçilərimizin şansları necədir? – Ekspert rəyi
“Avrokubokların ilk mərhələsində klublarımızdan uğurlu çıxış gözlənilir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Mehman Süleymanov bildirib.

İdman şərhçisi bu il Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini analiz edərək klubların şanslarını dəyərləndirib.
İlk olaraq son çempion “Sabah” haqqında danışan M. Süleymanov rəqibin təmsilçimizin “dişinə uyğun” olduğunu qeyd edib:
“Azərbaycan üçün avrokuboklarda 2026-2027 mövsümü bu gün başlayır. İlk olaraq Çempionlar Liqası start götürəcək. Bu dəfə isə ənənəvi olaraq “Qarabağ” deyil, “Sabah” meydana çıxacaq. Valdas Dambrauskasın komandası ilk oyuna yaxşı hazırlıq keçib və heyətin gücləndirilməsi yönündə lazımi işlər görülüb. Doğrudur, komandadan yeni mövsümdə gedənlər də var. Xüsusilə də braziliyalı stopper, mərkəz müdafiəçisi Ygor Nogueiranın gedişi öz təsirini göstərə bilər. Ümumilikdə “Sabah” üçün püşkü münasib sayıram və hesab edirəm ki, klubun ÇL təcrübəsi və güclü reytinqi olmadığını nəzərə alsaq, Uels çempionundan da daha güclü rəqiblər düşə bilərdi. İlk iki mərhələdə “Sabah” mübarizəni davam etdirərək ən azı Konfrans Liqasının qrupuna vəsiqə qazana bilər.”
M. Süleymanov bildirib ki, Konfrans Liqasındakı təmsilçimiz “Zirə”nin son anda avrokuboklara vəsiqə qazanması klubu təcili tədbir görməyə məcbur edib:
“Sabah Konfrans Liqasındakı ilk təmsilçimiz “Zirə” mübarizəyə başlayır. Bildiyimiz kimi, klubun avrokuboklara yollanması sonradan məlum oldu. Ona görə ki, mövsümün yekununa əsasən “Zirə” avrokuboklara vəsiqə qazanmamışdı. Vəsiqəni “Turan Tovuz” qazansa da, hadisələrin axarı elə gətirdi ki, Tovuz təmsilçisi UEFA-nın cəzasına məruz qaldığı üçün avrokuboklardan kənarda qaldı. Yalnız bundan sonra komanda təcili toplanışa yollanaraq yeni komanda qurmağa başladı. Yeni gələnlərin komandaya necə uyğunlaşacağının qısa zaman ərzində şahidi ola biləcəyik. Hazırkı məqam üçün klubda əsas itki qapı xətti ilə bağlıdır. Portuqaliyanın aşağı liqasından qapıçı transfer olundu, amma məşqdə zədələnərək ən azı 1 aylıq yaşıl meydanlardan uzaqlaşdı. Belə olan halda qapını qorumaq millimizin üzvü Aydın Bayramovun üzərinə düşəcək. Rəqib Gürcüstan təmsilçisidir. Onların “Zirə” ilə müqayisədə üstünlüyü ondadır ki, onlarda çempionat davam edir. Ona görə də “Kutaisi Torpedo” daha hazırlıqlı vəziyyətdədir. Təmsilçimiz rəqibdən fərqli olaraq, öz stadionunda oynaya bilmədiyi üçün Mərdəkanda oynayır adətən. Həmin stadion da təmirə bağlandığı üçün komanda oyunlarını Sumqayıtda keçirəcək. İndiki məqamda evdə komanda mütləq üstünlük qazanıb gürcüləri keçmək şansını saxlamalıdır.”
Avrokubokların daimi təmsilçisi “Qarabağ” haqqında danışan şərhçi çempionluğu əldən verdikdən sonra tam yeniləndiyini diqqətə çatdırıb:
“Avrokuboklarda ən təcrübəli komandamız və ən yaxşı göstəricilərə malik olan “Qarabağ” Avropa Liqasında hələlik yeganə təmsilçimiz olaraq başlayacaq. Hesab edirəm ki, rəqib münasibdir və İslandiya klubunun heyəti və təcrübəsi çox azdır. Futbol sürprizlərlə doludur, amma əminəm ki, Qurbanov komandanı bu oyuna çox yaxşı hazırlayacaq. İndiki məqamda klubumuz üstünlük qazanmalıdır. Klubun əsas problemi uzun yol qət etməsidir. Bu problem “Qarabağ” və “Sabah” klublarının əsas problemi olacaq. Uels və İslandiya Azərbaycana çox uzaq məsafədə yerləşir. “Qarabağ” bu mövsüm ən fəal transfer edən klublardan biridir. Komanda 8 yeni transfer edib, gedənlər də var. İndi hamımız üçün maraqlıdır ki, yenilənmiş “Qarabağ” həm Avropada, həm də daxili yarışlarda öz gücünü necə göstərəcək və hegemonluğunu nümayiş etdirə biləcəkmi. Mərhələnin aşkar favoriti “Qarabağ” klubudur.”
Son olaraq avrokuboklara ikinci mərhələdən başlayacaq olan “Neftçi” haqqında danışan M. Süleymanov azarkeşlərin 2 illik avrokubok həsrətinə bu il uğurlu çıxışla son qoyulacağına ümid edib:
“Son olaraq qısaca “Neftçi” haqqında danışaq. Hələ klubun rəqibi bilinmir. “Neftçi” mübarizəni növbəti mərhələdə başlayacaq. Rəqib “Minsk” Dinamosu ilə Şimali Makedoniya təmsilçisinin qalibi olacaq. Düşünürəm ki, hər iki komanda “Neftçi” üçün münasibdir və təmsilçimizdən uğurlu start görə biləcəyik. Klubda dəyişikliklər baş verib. “Neftçi”nin heyətinin gücləndirilməsi və xüsusilə 2 illik həsrətə son qoyaraq Avropa arenasına qayıtmasını, avrokuboklarda uğurlu çıxışını azarkeşlər səbirsizliklə gözləyirlər. Transferlər olub, amma düşünürəm kluba yenə transfer lazımdır. “Neftçi”nin də digər klublarımız kimi ilk sınağından uğurla keçməsi gözlənilir.”
Nurlan Cəfəri













