Bakıda məişət səs-küyü normalarına əməl etməyən obyektlər cərimələndi
Bakının Nərimanov rayonunda məişət səs-küyü normalarına əməl etməyən obyektlər cərimələnib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirib.
Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib.
Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb.












