Bakıda mənzil bazarı "od tutub yanır": 70 faizə çatan bahalaşmanın səbəbi nədir? — AÇIQLAMA
Daşınmaz əmlak bazarında müşahidə olunan kəskin bahalaşma vətəndaşların ciddi narazılığına səbəb olub. Xüsusilə paytaxtda mənzil qiymətlərinin sürətlə yüksəlməsi cəmiyyətdə geniş müzakirələrə yol açıb.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, 2020-ci ildən sonra qiymətlərdə rekord artım qeydə alınıb.
Ekspertin sözlərinə görə, Bakı şəhəri üzrə mənzil qiymətləri orta hesabla 60-70 faiz bahalaşıb:
“Qiymətlərin normadan artıq yüksəlməsi cəmiyyəti ciddi şəkildə narahat edir. Təxmini hesablamalar göstərir ki, 2020-ci illə müqayisədə hazırda Bakıda mənzillərin qiyməti orta hesabla 60-70% artıb. Ölkə üzrə ümumi göstəricilər isə 50-60% aralığında dəyişir”.
Ekspert qeyd edib ki, ən kəskin artım yeni tikililərdə müşahidə olunur və bu, birbaşa inşaat xərclərinin artması ilə bağlıdır:
“Ən çox bahalaşma yeni satışa çıxarılan mənzil fondunda hiss olunur. 2020-ci ildən etibarən ölkədə kütləvi inşaat işləri başladığı üçün, xüsusilə işğaldan azad olunmuş ərazilərdəki quruculuq fonunda armaturun qiyməti kəskin artdı. Bir ton armatur 780 manatdan 1200-1250 manata qədər bahalaşdı. Nəticədə tikinti şirkətləri də satış qiymətlərini tədricən qaldırmaq məcburiyyətində qaldılar”.
Elnur Azadov əlavə edib ki, bazarda rəqabətin zəifləməsi də qiymət artımını stimullaşdıran əsas amillərdəndir. Onun sözlərinə görə, tikinti icazələrinin sayında ciddi azalma var:
“2016-cı illə 2026-cı ili müqayisə etsək, mənzərə aydın görünər: o dövrdə il ərzində 100-ə yaxın yeni tikinti başlayırdısa, indi Bakıda cəmi 5-10 arası yeni layihə start götürür. Bu isə bazarda sağlam rəqabətin yoxluğunu sübut edir. Tələb hər il artır, təklif isə süni şəkildə məhdudlaşır”.
Ekspertin fikrincə, mövcud vəziyyətdə yaxın perspektivdə qiymətlərin enməsi gözlənilmir və bazarda bahalaşma tendensiyası hələ bir müddət davam edəcək.
Samir Məcid













