“Bakıda özümüzü evdəki kimi hiss edəcəyik” – Şenol Günəş

“Bakıda oynamaq istəyirdik”.

Yenicag.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. Türkiyə millisi Avropa çempionatının qrup mərhələ oyunlarını Roma və Bakıda keçirəcək. “Ay-ulduzlular” İtaliya ilə oyunu Romada, İsveçrə və Uelslə görüşlərini isə Bakıda keçirməli olacaq. Türkiyəni 2002-ci ildə dünya üçüncüsü etmiş Şenol Günəş Bakıda oyun keçirəcəklərinə görə sevindiyini bildirib:

“Bakıda oynamağımız yaxşı oldu. Çünki özümüzü Bakıda evdəki kimi hiss edəcəyik. İlk oyunu Bakıda keçirməyimiz yaxşı olardımı? İtaliya da meydan sahiblərindən biridir. Ona görə də Romada oynamağımız məcburidir. Sadəcə Roma ilə Bakı arasında olan məsafənin uzaqlığı bir qədər bizi yoracaq”.

Yeri gəlmişkən, Uels millisinin baş məşqçisi Rayan Qiqz də Bakıdakı oyunlar barədə danışıb:

“Biz iki həftə əvvəl Bakıda idik. Tanıdığımız yerdir. Çox sayda fanatla orada təmsil olunduq. Bu dəfə də orada oynamaqdan məmnun olacağıq”. /oxu.az/