Ukraynanın "QIRMIZI XƏTTİ": Kiyev hansı ərazilərdən imtina etməyə hazırlaşır?

media-hightechnic-468x90

“Kreml həmin şərtləri qəbul etməzsə, diplomatik cəhdlər nəticəsiz qalacaq və müharibə daha da uzanacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-nocomment_59ee83eb5168170eda791db799cda592_o1avwyjqb72cx4hmpin9-640x336

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ağır sülh şərtlərini qəbul etməsinin mümkün nəticələrindən danışıb.

Politoloq bildirib ki, hazırda Kiyev və Brüssel Vaşinqtonun dəstəklədiyi yenilənmiş sülh paketinə prinsip etibarilə müsbət yanaşır.

“ABŞ-nin bu versiyaya ciddi etiraz edəcəyi gözlənilmir. Lakin əsas sual sənədin Kreml tərəfindən qəbul edilib-edilməyəcəyidir. Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ-yə səfər edərək təklifləri Moskvaya çatdırsa da, Kremlin mövqeyinin yumşalacağı inandırıcı görünmür. Çünki Putin əvvəlki kimi Donbas regionunun tam nəzarət altına alınmasını tələb edir və məhz ərazilərlə bağlı bənd onun üçün əsas maneədir. Əgər bu maddə üzrə razılıq əldə olunmasa, sənəd qüvvəyə minməyəceək və hərbi qarşıdurma əvvəlki intensivliklə davam edəcək.

Yeni təqdim olunan sənəd əslində Tramp administrasiyasının irəli sürdüyü 28 maddəlik ilkin planın ixtisar edilmiş və korrektə olunmuş variantıdır. Ukrayna Prezidenti Volodimir Zelenski ağır və ağrılı şərtlərə baxmayaraq, 20 bənddən ibarət bu yenilənmiş çərçivəni qəbul etməyə hazır olduğunu göstərir. Plan Kiyev üçün ciddi güzəştlər ehtiva etsə də, hazırkı reallıqlar fonunda Ukraynanın manevr imkanları məhdud olaraq qalır.

Dəyişikliklərin ən diqqətçəkən nümunələrindən biri Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı bənddə əksini tapır. İlkin variantda stansiyanın ABŞ-nin nəzarətinə keçməsi və istehsal olunan elektrikin yarıbayarı Ukrayna ilə Rusiya arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Yeni redaksiyada isə həmin 50 faizlik bölgü ABŞ və Ukrayna arasında göstərilir. Əslində bu, mahiyyətcə böyük dəyişiklik deyil. Çünki Vaşinqtonun öz payını sonradan Rusiyaya ötürəcəyi istisna olunmur. Sadəcə Kiyev sənəddə açıq şəkildə Rusiyaya elektrik ötürülməsi ilə bağlı ifadəni qəbul etmirdi və bu texniki düzəliş həmin problemi aradan qaldırmaq məqsədi daşıyırdı.

Planın başqa bir mühüm düzəlişi Ukrayna Silahlı Qüvvələrinin sayına aiddir. Əvvəlki sənəddə müharibədən sonrakı dövrdə ordunun maksimum 600 min nəfərlə məhdudlaşdırılması göstərilirdisə, yeni variantda bu rəqəm 800 minə qaldırılıb. Bu, Ukraynanın öz müdafiə potensialını daha geniş saxlamaq istədiyini göstərən vacib məqamdır.

Sənədin 5-ci maddəsində təhlükəsizlik zəmanətləri məsələsi yer alır. Burada ABŞ, NATO və Avropa ölkələrinin Ukraynaya alyansın 5-ci maddəsinə bənzər təminatlar verəcəyi, Rusiyanın yenidən hücuma keçəcəyi təqdirdə isə hərbi cavab və sanksiyaların dərhal bərpa ediləcəyi qeyd olunur. Bununla belə, maddənin ifadə tərzi kifayət qədər qeyri-müəyyəndir. Kiyev üçün əsas tələb ondan ibarətdir ki, bu zəmanətlər 1994-cü il Budapeşt Memorandumunda verilmiş, lakin real təsiri olmayan təminatlardan köklü şəkildə fərqlənsin. Məqsəd Rusiyaya açıq mesaj verməkdir: gələcəkdə Ukraynaya qarşı hər hansı yeni hücum daha güclü aktorların birbaşa qarşıdurması ilə nəticələnəcək.

Ərazilərlə bağlı hissə planın ən həssas və mübahisəli bəndidir. Təklifə əsasən, Rusiya qoşunları Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən tamamilə geri çəkilməlidir. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə faktiki vəziyyətin dondurulması yəni “harada dayanmışıqsa, orada qalırıq” prinsipi tətbiq olunmalıdır. Bu, Ukraynanın gedə biləceəyi son hədd hesab olunur. Kiyev bu əraziləri hüquqi baxımdan Rusiya torpağı kimi tanımır, lakin hərbi yolla yaxın perspektivdə geri qaytarılmasının mümkün olmadığını da fakt olaraq qəbul edir.

Qısacası, Ukrayna və onun Qərbdəki tərəfdaşları kompromisə hazır olduqlarını nümayiş etdirirlər. Lakin Moskvanın xüsusən ərazi məsələsində geri addım atmaq niyyətində olmaması bu planın taleyini ciddi sual altında qoyur. Kreml bu şərtləri qəbul etməzsə, diplomatik cəhdlər nəticəsiz qalacaq və müharibə daha da uzanacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa