Bakıdan güclü iqtisadi qardaşlıq MESAJI – Lokman Biter II İnvestisiya Forumundan yazdı
Bakı bu həftə Azərbaycan –Türkiyə qardaşlığının iqtisadi müstəvidə yeni dönəmini simvolizə edən II İnvestisiya Forumuna ev sahibliyi etdi. Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi ilə AZPROMO və Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan tədbirdə hər iki ölkədən yüzdən çox dövlət və sahibkarlıq nümayəndəsi, maliyyə institutlarının rəhbərləri iştirak etdi.

Açılış nitqində Baş nazir Əli Əsədov bildirdi ki, “Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. İkitərəfli ticarət dövriyyəmiz artıq 15 milyard dollara çatıb, son beş ildə isə qarşılıqlı investisiyalar 38 milyard dollardan çox məbləği ötüb”. O, forumun məqsədini ölkələr arasında qarşılıqlı etimadı daha da möhkəmləndirməkdə və yeni, perspektivli layihələrə start verməkdə gördüyünü vurğuladı.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxışında Cənubi Qafqazın inkişafında iqtisadi inteqrasiyanın rolunu önə çəkdi: “Sülh bölgədə genişmiqyaslı sabitlik və rifah mühiti yaradacaq. Azərbaycanla Türkiyə arasında Orta Dəhliz üzərindən yüklərin həcmini artırmaq, enerji və infrastruktur sahəsində birgə investisiyaları genişləndirmək üçün hər cür hazırlığımız var”. Onun sözlərinə görə, bu forum yalnız investisiya razılaşmaları yox, həm də gələcəyə yönəlmiş strateji yol xəritəsinin müzakirəsidir.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə vurğuladı ki, Azərbaycanın postmünaqişə bərpa prosesində Türkiyə şirkətləri ən fəal tərəfdaşlardır: “Qarabağın yenidən qurulması, yeni sənaye zonalarının yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi sahəsində Türkiyənin qabaqcıl təcrübəsi və texnologiyaları böyük rol oynayacaq”.

Forum çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Enerji sektorunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “Gamma Enerji” şirkəti arasında alternativ enerji layihələrinin hazırlanması və icrası üzrə anlaşma əldə olundu. Tekstil və moda sahəsində “Böyükfırat” MMC ilə “Les Benjamins” QSC qarşılıqlı distribusiya və brendin regionda genişləndirilməsi üzərində razılaşdı.

Bu sazişlər Azərbaycanın ixrac potensialını diversifikasiya etməklə yanaşı, Türkiyənin fərqli sektorlar üzrə bazarını da zənginləşdirəcək. Enerjidə birgə müəssisələrin yaradılması, bərpa olunan enerji qaynaqlarına investisiyaların artırılması həm yerli tələbatı ödəyəcək, həm də tranzit istiqamətində rəqabət üstünlüyü qazandıracaq. Tekstil və moda sahəsində əməkdaşlıq isə regionun “tekstil hub”ına çevrilməsi perspektivini reallaşdırır.

Ümumilikdə, II Azərbaycan–Türkiyə İnvestisiya Forumu qardaş ölkələr arasında iqtisadi əlaqələrin yeni səviyyəyə qaldırılması, infrastruktur, enerji, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar oldu. Qarşılıqlı etimad və maliyyə dəstəyi fonunda yaranan sinergiya gələcəkdə regionda sabitliyi və davamlı inkişafı daha da gücləndirəcək.

Lokman Biter,
“Makro Holdinq” İdarə Heyətinin sədri, xüsusi olaraq “Yeni Çağ” üçün












