"İsrail üçün əsl risk…" - Telman Nüsrətoğlu Türkiyə-İsrail müharibə ssenarisində YAŞANACAQLARI YAZDI
Son vaxtlar Türkiyənin təhlükəsizliyi ətrafında eyni anda baş verən hadisələr sadəcə adi gərginlik deyil, daha çoxsəviyyəli strateji təzyiq anlamına gəlir. Xüsusilə Suriya və Qəzza xəttində İsrail–Türkiyə gərginliyinin artması və İsrailin dürzilər ilə YPG-yə dəstəyi “boz zona” müharibəsi strategiyasına uyğundur.
Boz zona müharibəsi birbaşa döyüşmədən rəqibin düşüncə tərzini, qərarvermə qabiliyyətini və səbrini sınamağa yönəlir. Bu kontekstdə təyyarə qəzaları kimi yüksək həssaslıq tələb edən hadisələr, konkret bir günahkar göstərilmədən hava təhlükəsizliyi sisteminə qarşı psixoloji təzyiq yaratmaq potensialına malikdir. Analitik baxımdan əsas məqam bu cür olayların daşıdığı strateji mesajdır: diqqəti əsas hədəfdən yayındırmaq, qeyri-müəyyənliyi artırmaq, caydırıcılığı zəiflətmək və qərar verənləri davamlı krizis idarəçiliyi ilə üz-üzə qoymaq.
İsrailin Suriyada YPG ilə qurduğu əlaqə taktiki təmasdan çox, Türkiyənin cənub sərhədlərindəki təhlükəsizlik arxitekturasına meydan oxuyan strateji seçimdir. YPG Türkiyə üçün açıq-aydın terror təşkilatıdır. Bu quruma göstərilən hər cür xarici dəstək Ankara tərəfindən təkcə terrorla mübarizə kontekstində deyil, həm də milli suverenliyə dolaylı müdaxilə kimi qiymətləndirilir. İsrail baxımından YPG az maliyyə xərci ilə təsir göstərən bir “kaldıraç” (rışaq) rolunu oynayır: Türkiyəni sərhəd təhlükəsizliyi, daxili sabitlik və Suriyada daimi hazırlıq vəziyyətində saxlamaq. Lakin Türkiyə vasitəçi aktorlar yolu ilə təzyiq altına alınacaq dövlət deyil. Əksinə, sahəyə birbaşa daxil ola bilən, terror qurumları ilə mübarizədə dərin əməliyyat və strateji təcrübəyə malik gücdür.
İsrail unutmamalıdır ki, strateji analizin meyarı yalnız texnologiya deyil; coğrafiya, strateji dərinlik, logistika və davamlılıq, demoqrafik və psixoloji güc də ən azı eyni dərəcədə önəmlidir. Həm də Türkiyə NATO-nun ən böyük ikinci quru ordusuna sahib, çoxşaxəli əməliyyat təcrübəsi olan nadir ölkələrdəndir. Yerli müdafiə sənayesinin uğurları Ankaranı xarici asılılıqdan azad edib və müdafiə gücünü artırıb. Qeyri-nizami müharibə şəraitində belə Türk ordusunun Suriyadan İsrailə daxil olub müqaviməti qırması üçün bir neçə həftə kifayətdir.
İsrailin hərbi potensialı yüksək texnologiyaya baxmayaraq, olduqca məhdud bir coğrafiyada cəmləşib. Ölkə Türkiyənin Konya ovasından da kiçik olduğundan uzunmüddətli və genişmiqyaslı döyüşlərdə Türk ordusu qarşısında zəif qalır. İsrailin təhlükəsizlik doktrini müdafiə xarakteri daşımır; o, düşməni qabaqlayıcı, qısamüddətli və hava üstünlüyünə əsaslanan əməliyyatlara söykənir. Bu doktrin Türkiyə kimi strateji dərinliyə və yüksək PUA/SİHA texnologiyasına malik aktor qarşısında həyati risklər doğurur.
Digər vacib amil bölgə ictimai rəyidir. Ərəb dünyasında və qlobal miqyasda, xüsusən Qəzza və Fələstin kontekstində İsrailə münasibət son dərəcə neqativdir. Türkiyə isə tarixi mirası, siyasi nitqi və əməli mövqeyi ilə İslam ölkələrində yüksək legitimliyə malikdir. Olası Türkiyə–İsrail gərginliyində bu faktor hərbi olmasa da, siyasi və ictimai dəstək şəklində Ankaranın xeyrinə balans yaradacaq.
Türkiyənin mövcud mövqeyi passivlik deyil; böyük dövlətə yaraşan, nəyi, nə vaxt və harada edəcəyini hərtərəfli planlayan strateji səbirdir. Ankara boz zonadakı təxribatlara düşmür, emosional tələsik reaksiyalardan çəkinir və qoruyucu potensialından imtina etmir. Üstəlik, Türkiyə bu oyunda haqlıdır çünki təhlükəsizlik narahatlıqları məqbuldur; güclüdür çünki hərbi və strateji potensialı yüksəkdir; hazırlıqlıdır çünki sahəni və oyunun qaydalarını yaxşı bilir.
Fikrimcə, İsrail üçün əsl risk Türkiyənin səbrini sonsuz sanmaqdır. Boz zona strategiyaları müəyyən həddə qədər işləyir, o eşik keçildikdə isə qeyri-müəyyənlik aradan qalxır və güc balansı özünün çılpaq reallığı ilə ortaya çıxır.












