Bakıda “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirib.

Yenicag.az xəbər verir ki, konfransda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, dövlət rəsmiləri, iş adamları və media nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xorunun ifası dinlənilib.

ATİB sədri Mürsəl Rüstəmov çıxış edərək bildirib ki, təşkilat üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb, iqtisadiyyatın inkişafına təkan veriblər.

“Bu gün məqsəd ATİB üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir”, – deyə ATİB sədri vurğulayıb.

Daha sonra söz Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünə verilib. Səfir çıxışında qeyd edib ki, son günlər Bakıda keçirilən tədbirlərdə Türkiyədən dəyərli heyətlər iştirak etmişdir. Əsas məqsəd isə iki ölkə arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir.

“Artıq 2026-cı ildə görüləcək işlərin planlaşdırılması həyata keçirilir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da qeyd etdiyi kimi, bu gün Azərbaycan və Türkiyə arasındakı ortaq ticarət 8 milyard dollar təşkil etməkdədir. Qarşıdakı illərdə bu rəqəmi 15 milyard dollara çatdırmağı düşünürük”, – deyə səfir qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin paralel şəkildə iqtisadi həyatın formalaşmasına zəmin yaratdığını dilə gətirib.

“Bu proseslər biznes üçün də aydın və proqnozlaşdırılan mühit formalaşdırır. KOBİA olaraq biz bu prosesdə sahibkarın yanında olmağı prioritet hesab edirik. Məqsədimiz təşəbbüslərin təşviqi ilə yanaşı, onların real iqtisadi dövriyyəyə çevrilməsinə dəstək verməkdir”, – deyə KOBİA sədri vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard manatdan çox və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilib, əlavə dəyər iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,2 faiz artıb.

“Qeyri-neft sektorunun genişlənməsi, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Bu siyasətin mərkəzində isə sahibkarlığın inkişafı dayanır. Bu kontekstdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı xüsusi yer tutur”, – deyə o qeyd edib.

Daha sonra konfrans panel müzakirələri ilə davam edib. Qeyd edək ki, birinci panel Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Eldəniz Əmirovun, ikinci panel isə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə baş tutub.

Sonda panel iştirakçılarına təşəkkürnamələr, şəhid övladlarına isə hədiyyələr təqdim olunub. Konfrans xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa