Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı təqsirləndirilən Oqtay İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yenicag.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, bu il martın 8-də saat 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində tikilməkdə olan “Retro Mall” ticarət mərkəzində işləyən 1993-cü il təvəllüdlü Zeynalov Elşən Nizami oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, “Retro” MMC-yə məxsus ticarət mərkəzinin 4-cü mərtəbəsində betontökən aparatın borusunu təmizləmək üçün yerə çırpan zaman borunun dəmir ucu onun alnına dəyib.
O, martın 10-da müalicə aldığı “Baku City” hospitalında vəfat edib. Bundan sonra həmin tikintiyə rəhbərliyində təmsil olunan Oqtay İsmayılova Cinayət Məcəlləsinin 162.2-ci(Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.