!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması... - ŞƏRH

!Reklam – Yazi

“Fazil Mustafanı hədəf alanlar cəmiyyətdə qorxu yaratmaq, dini mövzularda danışan, daha çox bu mövzunu gündəmə gətirən şəxslərin hədəf alınması istiqamətində, eyni zamanda hakimiyyətin öyündüyü sabitliyin kövrək olması imicini yaratmaq, bunu göstərməyi də hədəfləyə bilərlər”.

Bu fikri millət vəkili, Böyük Quruluş Partiyasını sədri Fazil Mustafanın güllə ilə vurulması və bunun arxasında yatan amilləri şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, Fazil Mustafaya qarşı törədilən əməl terror hadisəsidir:

“Baş vermiş hadisə son illər müşahidə edilməyən hadisələrdəndir. Haqlı olaraq da Azərbaycan hakimiyyəti bunu terror aktı kimi qiymətləndirir. 277-ci maddə ilə, həmin maddədə də terror aktı qeyd olunub, cinayət işi başlanılıb. Məsələnin siyasi tərəflərinə baxmaq lazımdır. Fazil Mustafa millət vəkili, eyni zamanda bir siyasi partiyanın sədridir. Bununla yanaşı Fazil bəy eyni zamanda maarifçi, aydın ictimai mövqeyi olan bir şəxsdir. Onu başqa partiya sədrlərindən və millət vəkillərindən fərqləndirən əsas xüsusiyyət odur ki, həm yazıçıdır, çox dəyərli əsərləri var, bundan əlavə sosial, məişət yönlü mövzularda aydın mövqeyi var. Davamlı olaraq onunla bağlı müəyyən gərginliklər də yaranır.

Regionumuzda çox gərgin və ciddi proseslər gedir. Bu proseslər fonunda Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr də az deyil. Xüsusilə də Qarabağda keçirilən son əməliyyatlar, Azərbaycan ordusunun, siyasi hakimiyyətinin Qarabağ istiqamətində atdığı addımlar, buna həm Ermənistanın, həm İranın, həm Rusiyanın, həm də Fransanın yaxşı olmayan münasibətlərini görürük. Azərbaycanda sabitliyi pozmaq, qarışıqlıq yaratmaq istəyən qüvvələr də mövcuddur. Eyni zamanda Azərbaycan daxilində kriminogen vəziyyətlə bağlı son aylar müəyyən gərginliklər müşahidə olunurdu. Ona görə də birmənalı fikir demək çətin olar. Bir çox versiyalar var, bu versiyalar istintaq tərəfindən araşdırılmalıdır.

İlkin rəy daha çox İranı göstərir. Azərbaycanın bu gün İsraildə səfirliyi açılacaq, eyni zamanda Tehrandakı səfirliyimizdə terror hadisəsi baş vermişdi, ondan da çox vaxt keçməyib.

Başqa bir tərəfdən xüsusi xidmət orqanlarının yaranması günündə (104 illiyinin qeyd edildiyi gün), xüsusilə də DTX rəisinin açıqlamasında, “terrorla mübarizədə çox ciddi nəticələr əldə etmişik”, – deməsi bütün bunlara cavab mesajı da ola bilər. Kompleks məsələlər aydınlaşdırılmalıdır. İstintaq tərəfindən bütün versiyalar yoxlanılmalıdır.

Fazil Mustafanın güllələnməsi terror hadisəsidir. Ona görə bu qənaətdəyəm ki, ictimaiyyətin çox yaxından tanıdığı, haqqında birmənalı olmayan müzakirələrin getdiyi bir şəxsin hədəf seçilməsində bir sıra məqsədlər ola bilər.

Cəmiyyətdə qorxu yaratmaq istəyi də mümkündür. Dini mövzularda danışan, daha çox bu mövzunu gündəmə gətirən şəxslərin hədəf alınmasını, eyni zamanda hakimiyyətin öyündüyü sabitliyin kövrək olması imicini yaratmağı da hədəfləyə bilərlər. Bu baxımdan hadisənin terror aktı kimi qiymətləndirmək obyektiv ola bilər. Yekun istintaq hər şeyi açmalıdır və ictimaiyyətə bununla bağlı dolğun məlumat verilməlidir.

Fazil Mustafaya Allahdan şəfa arzulayıram. Bu, xoşagəlməz olaydır. Azərbaycanın həm yerli, həm də beynəlxalq imicinə də mənfi təsir göstərə biləcək hadisələrdən sayıla bilər”.

Səxavət Məmməd

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv