Bakıdakı italyan restoranında rəzalət – Şok fotolar
“La Strada” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu R.Behbudov 17 ilə D.Əliyeva 206a ünvanlarının kəsişməsində yerləşən “ID Keyterinq” MMC-yə məxsus “La Strada” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Yenicag.az xəbər verir ki, araşdırma zamanı müəssisədə qanun pozuntuları aşkar edilib. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, müəssisədə mal, quş ətlərinin emalı və hissələrə ayrılması, soyuq qəlyanaltıların və isti yeməklərin bişirilməsi üçün ayrıca otaq və ya bölmə mövcud deyil. Soyuq və isti yeməklər eyni sahədə fərqləndirilməmiş inventarlarla həyata keçirilir. Halbuki standartın tələblərinə görə xammalların emalı və yeməklərin bişirilməsi xüsusi avadanlıqlarla təchiz edilmiş ayrıca bölmələrdə nişanlanmış inventarlar vasitəsilə həyata keçirilməlidir. Müəssisədə məhsulların saxlanma müddətlərinə nəzarət edilmir. Belə ki, soyuducuda saxlanılan kulinariya məhsullarının saxlanma müddəti və şəraiti barədə məlumatlar qeyd olunmayıb. Məhsullar əvvəlcədən qeyri-müəyyən tarixlərdə hazırlanaraq soyuducularda saxlanılır və istehlakçılara təqdim olunur. Nəticədə müəssisədə ötən gündən qalan pomidor şorbası, göbələk şorbası, vişnə sousu, ispanaq sousu, göbələk sousunun yenidən istehlaka verilməsi aşkar edilib. Həmçinin mal və quş ətinin defrostasiyası standatın tələblərinə uyğun həyata keçirilmir. Belə ki mal və quş ətinin defrostasiyası yüksək tempraturda mikrodalğalı sobada aparılır. Bununla yanaşı restoranda ətin defrostasiyası qaydalarını özündə əks etdirən təlimat mövcud deyil. Müəssisədə mal qonşuluğu qaydalarına da əməl edilmir. Soyuducu kameralarda kərə yağı, tərəvəzlər və göbələk, süd məhsulları, habelə kulinar yarımfabrikatlar birlikdə saxlanılır. Həmçinin hazırlanan yarımfabrikat və hazır xörəklərin çıxış miqdarını, istehsalatda texnoloji prosesinin təsvirini, məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini, realizasiyasını və saxlanılması qaydalarını, məhsulların qida və enerji dəyərini özündə ehtiva edən texnoloji xəritələr və təlimatlar və məhsulların fiziki-kimyəvi, mikrobioloji göstəriciləri üzrə muayinələrinin akkreditasiya olunmuş laboratoriyada aparılmasına dair sınaq protokolları mövcud deyil. Qeyd olunan nöqsanlarla yanaşı məhsulların hazırlanmasında istifadə olunan xammalların keyfiyyətini və təhlükəsizliyini sübut edən uyğunluq sertifikatları habelə heyvan mənşəli ət məhsullarının baytarlıq arayışları, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər və istifadə olunan qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmasını təsdiq edən sənədlər yoxlamaya təqdim olunmadı. Müəssisədə istismar olunan 4 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Yenicag.az